160 nömrəli Klassik Gimnaziyada “Məzun günü”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 160 nömrəli Klassik Gimnaziyada ənənəvi “Məzun günü” keçirilib. İdarənin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məktəbin pedaqoji kollektivi, təqaüdçü müəllimlər, məzunlar, şagirdlər və valideynlər iştirak edib.

“Uğur ənənələri” layihəsi çərçivəsində təşkil olunan “Məzun günü”nün əsas məqsədi illərlə formalaşmış ənənəni davam etdirməklə, məzunların məktəbə baxışı əsasında şagirdlərin təhsilə, məktəbə marağını daha da artırmaq, onların məktəbin ictimai həyatında daha fəal iştirakın təmin etməkdən ibarətdir.

Tədbirdə 160 nömrəli Klassik Gimnaziyanın direktoru Faina Ələkbərova təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiyini bildirib.

Daha sonra direktor qonaqlara artıq 67-ci ildir qeyd edilən “Məzun günü” haqqında ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Görüşdə məktəbin nailiyyətlərini əks etdirən divar qəzetləri, fotostendlər və ötən illərin albomlarından ibarət sərgi təşkil olunub.

Məktəb direktorları çıxış edərək, “Məzun günü” ilə bağlı fikir və təəssüratlarını bildiriblər. Onlar məktəbi bitirən məzunların məktəblə daim əlaqə saxlamalarını təqdirəlayiq bir hal kimi qiymətləndiriblər.

Daha sonra məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı kövrək xatirələrini bölüşüblər.

Tədbir şagirdlərin ifasında şeir və ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə