"Sabahın alimləri" mükafatlandırıldı

Bu gün "Sabahın alimləri" VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov şagirdlərin elmi yaradıcılığına həsr olunmuş "Sabahın alimləri" VII Respublika müsabiqəsinə bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu bildirib.

7 il ərzində müsabiqənin uğur qazandığını və populyarlaşdığını diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, bu illər ərzində müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib ki, onlardan 549 nəfəri qızlar, 638 nəfəri isə oğlanlar olub: "Şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilib və müəyyənləşdirilib ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin ali təhsil müəssisələrinə və ya xarici ölkələrin tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər". C. Bayramov qeyd edib ki, bu il 79 şagird tərəfindən hazırlanan 46 layihə münsiflər heyəti tərəfindən seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub".

Tədbirin davamında çıxış edənlər layihənin mühüm əhəmiyyət kəsb etdiyini və şagirdlərdə elmə marağın artırılması istiqamətində böyük həvəs yaratdığını dilə gətiriblər. Bağlanış mərasimində 8 nominasiya üzrə seçilən qaliblər təltif olunub. Daha sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək 3 layihə müəlliflərinin adları açıqlanıb. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 təşkil edir. Məlumat üçün nəzərinizə çatdıraq ki, "Sabahın alimləri" müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Hazırda ümumtəhsil məktəblərində "Kiçik Akademiya"lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə