Paytaxtətrafı məktəblərdə görüşlər davam edir FOTO

Bakə Şəhər üzrə Təhsil İdarəsi rəhbərliyi tərəfindən keçirilən görüşlər Xəzər rayonunda davam edib

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, görüşlər Xəzər rayonu üzrə Qala qəsəbə 216 nömrəli tam orta, Zirə qəsəbə 324 nömrəli tam orta və Qışlaq sahə 122 nömrəli ümumi orta məktəblərdə olub.

Öncə İdarə rəhbərliyi məktəblərlə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocaqlarının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.

Görüşlərdə Məhəbbət Vəliyeva paytaxtın mərkəzi hissəsindən qismən kənar yaşayış məntəqələrindəki məktəblərdə keçirilən görüşlərin həmin təhsil müəssisəsinin özünəməxsus xüsusiyyətlərini daha yaxından müşahidə etməyə imkan verdiyini vurğulayib.

Daha sonra İdarə müdiri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində məktəblərin qarşısında duran vəzifələrdən danışıb. Bu əlamətdar il münasibətilə təhsil müəssisələrində mühazirə, toplantı, “Dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların keçiriləcəyi haqqında məlumat verib.

M.Vəliyeva məktəbdə sağlam mühitin formalaşdırılması, uşaqların müasir dünyagörüşlü olması, prosesləri düzgün qiymətləndirməsi məsələlərinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüşlər zamanı BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, müzakirə edilən məsələlər haqqında fikirlərini bildiriblər.

Görüşlərdə məktəb direktorları, müəllimlər və valideynlər belə görüşlərin əhəmiyyətindən danışıblar, onları düşündürən məsələlərdən bəhs ediblər. Qeyd olunub ki, təhsil müəssisəsinin təminat-təchizatı, müxtəlif ixtisaslar üzrə müəllimlərə olan tələbat və uşaqların dərsdənkənar tədbirlərə cəlb olunması ilə bağlı məsələlərdə müvafiq dəstəyə ehtiyac duyulur.

Məktəblərdə çalışan gənc müəllimlər nə qədər uzaq yoldan gəlsələr də, bu peşənin onlar üçün dəyərli olduğunu bildiriblər. İdarə müdiri onlara təlim-tərbiyə prosesi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.

Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra digər ümumi təhsil məktəblərində də davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...