Bu gün "Sabahın alimləri" VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçılarını salamlayan təhsil naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb.

Ceyhun Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan dovlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib: "Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Bu baxımdan təhsilin strateji hədəflərindən biri də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə yeddinci dəfə keçirilən "Sabahın alimləri" müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir. Eyni zamanda bu müsabiqə, innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir. Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr sırasında bu müsabiqə xüsusi önəm kəsb edir. Bu il müsabiqəyə ötən illə müqayisədə daha çox - 336 layihə təqdim olunub. Onlardan 150 layihə bu gün final turuna vəsiqə qazanıb. Birinci mərhələdən keçən layihələr öz orijinalllığı ilə seçilib. Layihələr müxtəlif istiqamətlər üzrə elm mütəxəssislər tərəfindən qiymətləndiriləcək və bunun əsasında qaliblər müəyyənləşəcək. 3 qalib ABŞ-ın keçiriləcək sərgidə ölkəmizin təmsil edəcəklər".

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli və başqaları bu müsabiqənin innovativ fikir yarışması olduğunu vurğulayaraq gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Çıxışlardan sonra qonaqlar stendlərə baxış keçirib. Məlumat üçün nəzərinizə çatdıraq ki, Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinçatdıraq if-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 259 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 təşkil edir. Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifi cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq. "Sabahın alimləri" müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Son 6 il ərzində müsabiqədə 928 şagird iştirak edib, onlardan 450 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 22 nəfəri son iki ildə keçirilmiş "Sabahın alimləri" müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər.

Hazırda ümumtəhsil məktəblərində "Kiçik Akademiya"lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib. Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı təşkil edilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...