BŞTİ rəhbərliyi Qaradağ rayonunun daha 3 məktəbində görüşlər keçirib. SİA-nın xəbərinə görə, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində keçiriləngörüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Görüşlər Qaradağ rayonu üzrə Korgöz qəsəbə Elman Heydərov adına 197, Qızıldaş qəsəbə Azər Namazov adına 180 və Puta qəsəbə Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəblərdə olub.

Öncə İdarə rəhbərliyi məktəblərlə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocaqlarının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.

Görüşlərdə Məhəbbət Vəliyeva təhsil sahəsində keçirilən islahatlar, məktəblərdə yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin dərsə davamiyyəti, məktəblilərin ixtisas və ya peşə seçimi, məktəb kitabxanalarının fəaliyyəti, uşaqların mütaliə vərdişlərinin artırılması, məktəblərin təminat və təchizatı, müəllim-şagird-valideyn münasibətləri və digər müvafiq məsələlərdən danışıb.

Məktəb-valideyn əməkdaşlığının əhəmiyyətini xüsusi olaraq vurğulayan BŞTİ-nin müdiri valideyn-məktəb əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsində mühüm rolu olduğunu bildirib. Uşaqların öz dövrünə, yaşına görə sürətli inkişafı valideynlərdən daim diqqətli olmağı tələb edir. Məktəb psixoloqları da bu məsələ ilə bağlı öz töhfələrini verməlidir.

Daha sonra Məhəbbət Vəliyeva şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması və məktəblərin məzunu olmuş şəhidlərin, Milli Qəhrəmanların həyatının örnək kimi təbliği məsələlərindən bəhs edib. Bu gün məktəblərin üzərinə düşən əsas vəzifələrdən biri də fəal vətəndaş yetişdirmək, ictimai və sosial məsuliyyət məsələlərini uşaqlara aşılamaqdan ibarətdir.

Görüşlər zamanı BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, ayrı-ayrı istiqamətlər üzrə fikirlərini bildiriblər.

Görüşlərdə məktəb direktorları, müəllimlər və valideynlər müzakirə edilən məsələlərdən bəhs edib, belə görüşlərin əhəmiyyətindən danışıblar.

Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra digər ümumi təhsil məktəblərini də əhatə edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə