“Qadınlar və qızlar elmdə” KONFRANS

Fevralın 12-də Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) birgə təşkil etdiyi və BMT-nin 2015-ci il qərarı ilə təsis edilmiş 11 fevral - “Qadınlar və Qızlar Elmdə” Beynəlxalq Gününə həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransın keçirilməsində əsas məqsəd qadın və qızların elmi araşdırmalara cəlb edilməsi prosesində mühüm dəyişikliklərin, elm, texnologiya və innovasiyalarda gender bərabərsizliklərinin səbəblərini müəyyən etməyin, qadınların və qızların elmi tədqiqatlara cəlb edilməsi üçün fəaliyyət proqramlarının təşkilini təmin etməkdən ibarət olub. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda keçirilib.

Konfransı giriş sözü ilə açan RUGİM-in direktoru Firuzə Sultan-zadə çıxış edərək ölkənin tarixində, ictimai-siyasi həyatında Azərbaycan qadınlarının rolu, gördükləri işlər, əldə olunan nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verib. O qeyd edib ki, ölkənin elm və təhsil tarixində xüsusi yeri olan alim-oftalmoloq akademik Zərifə Əliyeva, görkəmli şərqşunas professor Aida İmanquliyeva, əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Rəfiqə Əliyeva, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva kimi xanımlar yeni dövr Azərbaycan elmində önəmli izlər buraxıb.

Konfransda çıxış edən EİF-in icraçı direktoru Elçin Babayev dünyada qadınların elmi uğurlarından, bütövlükdə elmdə gender bərabərliyindən, Azərbaycanda bu sahədə olan vəziyyətdən və dövlətin yaratdığı geniş imkanlardan danışıb. O, son illərdə Fondun qrant müsabiqələrində layihələrlə iştirak edərək qalib olan qadın alimlərin, xüsusilə də gənc qadın alimlərin sayının davamlı olaraq artdığını vurğulayıb, qadınlar və qızların elmi fəaliyyətinin dəstəklənməsi üçün səylərin hər zaman davam etdiriləcəyini qeyd edib.

Daha sonra konfransla bağlı - “Qadınlar və Qızlar Elmdə” adlı videoçarx nümayiş etdirilib.

Konfransda qızlar arasında fəallığı ilə seçilən RUGİM-in 50 məktəbli gənc tədqiqatçısı iştirak edib. Elmin nkişafı yolunda fərqlənən iştirakçılar Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun diplomu ilə təltif olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə