İdarə rəisi məktəb direktorları ilə görüşlərə start verib

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşlərinə start verilib. Görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edən görüşlərin əsas məqsədi Bakıda daha yüksək tədris göstəricilərinə görə fərqlənən məktəblərlə yanaşı, qismən ətraf ərazilərdə yerləşən təhsil müəssisələrinin fəaliyyəti ilə yerində tanış olmaq, müəllim, şagird və valideyn icmasının nümayəndələri ilə görüşmək, müvafiq məsələlərlə bağlı onların fikirlərini öyrənməkdən ibarətdir.

İlk belə görüş Bakının mərkəzindən təxminən 80 kilometr məsafədə yerləşən Qaradağ rayonu Çeyildağ qəsəbə Səyavuş Muradov adına 224 nömrəli ümumi orta məktəbdə keçirilib.

Öncə qonaqlar məktəblə yaxından tanış olub, sinif otaqlarına baş çəkib, dərs prosesini müşahidə edib, tədris ocağınınrəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.

Görüş zamanı 2017-ci ilin ölkəmizin həyatında bir sıra xüsusi hadisələrlə əlamətdar olduğunu bildirən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli” və təhsil nazirinin əmrinə əsasən “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəblərin qarşısında duran vəzifələrdən danışıb.

İdarə müdiri qeyd edib ki, bu əlamətdar ildə ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər öz fəaliyyətlərini daha səmərəli təşkil etməli, şagirdlərin tədris göstəricilərinin yüksəldilməsinə və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirməlidirlər. Həmçinin, cəmiyyətdə nüfuzuna görə seçilən müəllimlər valideynlərlə əməkdaşlıq istiqamətində daha ardıcıl işlər görməlidirlər. Məktəbin, təhsilin missiyası daha sadə formada izah olunmalı və dövlət təhsil siyasətinin əsas prioritetləri ictimaiyyətə çatdırılmalıdır.

Məhəbbət Vəliyeva son illərdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısı sayəsində hətta ən ucqar yaşayış məntəqələrində belə məktəb infrastrukturunun müasir tələblərə cavab verdiyini nəzərə çatdırıb. BŞTİ müdiri vurğulayıb ki, ilbəil ümumi təhsilin nəticələri yüksəlməkdə, ali məktəblərə qəbul göstəriciləri yaxşılaşmaqda, məktəblilərin elmi araşdırmalara və olimpiadalara marağı artmaqdadır. Azərbaycanın təhsil həyatında əldə olunan uğurlar heç də təsadüfi deyil, ölkəmizin sosial-iqtisadi həyatında son 15 ildə qazanılmış nəaliyyətlərlə birbaşa bağlıdır. Bütün bunların fonunda təhsil işçiləri öz vəzifələrini həmişə olduğundan daha üstün səviyyədə yerinə yetirməli, nəinki məktəblilərin, eləcə də ictimaiyyətin, cəmiyyətin yol göstərəni kimi çıxış etməlidirlər.

BŞTİ müdiri dövlətin təhsilə göstərdiyi davamlı qayğının xalqın inkişafına qoyulan ən böyük kapital olduğunu, insanların xoşbəxt gələcəyinə zəmin yaratdığını vurğulayıb. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlər təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədlərinə xidmət edir.

Daha sonra BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, ayrı-ayrı istiqamətlər üzrə fikirlərini bildiriblər.

Daha sonra Qaradağ rayonu Səngəçal qəsəbə Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəbdə görüş keçirilib.

Öncə məktəb haqqında qonaqlara ətraflı məlumat verilib.

M.Vəliyeva ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması və digər müvafiq məsələlərə toxunub.

Sonda görüşlərdə müzakirə edilən məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərində yerləşən bir sıra ümumi təhsil məktəblərini əhatə edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...