Məktəblərdə 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilir

Paytaxt məktəblərində 20 Yanvar – Ümumxalq Hüzn Günü ərəfəsində vətənpərvərlik mövzusunda çoxsaylı tədbirlər təşkil edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vətənpərvərliyə dair konfrans, “Dəyirmi masa”, seminar, müsabiqə və əl işlərindən ibarət sərgilər keçirilir. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmçinin, şagirdlərin Milli Qəhrəmanlarla, şəhid ailələri və keçmiş döyüşçülərlə görüşləri, gənclərin həqiqi hərbi xidmətə yola salınma mərasimlərində iştirakı, tarixi və hərbi eksponatların saxlandığı muzeylərə ekskursiyaları təşkil olunur, məktəblilər Şəhidlər xiyabanını ziyarət edirlər.

Məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltməkdən ibarətdir.

Tədbirlər çərçivəsində məktəblilərə Azərbaycanın tarixi, eləcə də, ermənilər tərəfindən torpaqlarımızın işğal edilməsi və xalqımızın başına gətirilən müsibətlər haqqında ətraflı məlumat verilir.Eyni zamanda, dövlətimizin getdikcə gücləndiyi və işğal altındakı ərazilərimizin geri qaytarılacağı diqqətə çatdırılır.

Tədbirlərdə vətənpərvərlik mövzusunda lentə alınmış filmlər nümayiş olunur, məktəblilər tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim edilir.

Onu da qeyd edək ki, yanvarın 19-da məktəblərdə ilk dərslər ənənəvi olaraq, 20 Yanvar mövzusuna həsr olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...