Balakənin kənd məktəblərində tədrisin keyfiyyəti yaxşılaşır

Ölkəmizin sürətli inkişafı, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünü göstərir. Bu gün paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin ən ucqar rayonlarında belə, müasir tələblərə cavab verən məktəb binaları inşa edilir. Şagirdlərin keyfiyyətli tədris almaları üçün təhsil müəssisələrimiz dərslik və müasir avadanlıqlarla tam təmin olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə demişdir ki, 2017-18 illərdə qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz olunmalıdır. Artıq bu sahədə xeyli işlər görülüb. Bundan əlavə sözügedən məktəblər müasir avadanlıqlarla da təchiz olunmuşdur. Nəzərə alsaq ki, 2017-18 tədris ili təhsildə keyfiyyət ili elan olunub, demək ki, cari tədris ilində, bu sahədə işləyən hər kəsin üzərinə çox böyük məsuliyyət düşür.

Azərbaycanın dilbər guşəsi olan Balakən rayonunda da təhsilə dövlət qayğısı var. Nəzərə alsaq ki, Balakən rayonu Respublikamızıın sərhəd rayonlarındandır, deməli burada bütün sahələrə xüsusi diqqət ayrılmalıdır. Məlum məsələdir ki, Balakən rayonu ərazisindən ölkəmizə daxil olan hər bir qonaq, ətrafında ilk gördüyü hər bir şeyə görə, gəldiyi dövlət haqqında onda ilkin fikir yaranır. Bu incə nüansları nəzərə alan Balakən rayon rəhbərliyi, istər yolların kənarının təmiz saxlanmasına, istər də inzibati binaların təmirinə xüsusi diqqət yetirirlər.

Bu rayona daxil olarkən, yol boyu qarşıya çıxan təhsil müəssisələri də, müasir standartlara cavab verəcək səviyyədədir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə ötən tədris ili Balakən rayon təhsili üçün çox uğurlu il olmuşdur. Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev rayon təhsilini həmişə diqqət mərkəzində saxlayır və xüsusi qayğı göstərir.

Ötən tədris ili Balakən rayonunun məzunlarından ali məktəblərə qəbul üçün 301 nəfər sənəd vermiş onlardan 224 nəfəri tələbə adını qazanmaqla müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunmuşdur. Onlardan 13 nəfəri 600-dən, 28 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Onların arasında iki nəfər "Qızlı medal"çı da vardır. Qeyd edək ki, Balakən rayonundakı ümumtəhsil məktəblərinin 70 faizi 2005-2015–ci illərdə, yeni inşa edilən və yaxud əsaslı təmir olunublar. Bundan əlavə sözügedən məktəblər müasir avadanlıqlarla da təchiz olunmuşdur.

Balakən rayonu Qaravəlli kənd tam orta məktəbi də rayonun qabaqcıl təhsil müəssisələrindəndir. Qaravəlli kəndinə bu dəfəki səfərimiz qarlı, çovğunlu vaxta təsadüf etdi. Açığı kənd yeri olduğu üçün düşünürdük ki, davamiyyət zəif olacaqdır. Ancaq gördüklərimiz hər şeyin əksini dedi. Qarşılaşdığımız mənzərə bizə onu deməyə əsas verdi ki, əsil pedaqoq, təcrübəli rəhbər üçün havanın soyuq vəyaxud isti olması, onun işinin yüksək səviyyədə qurmasına heç vaxt mane ola bilməz. Qaravəlli kənd tam orta məktəbin direktoru Şərif Alqayev həmişəki kimi tədrisin keyfiyyətinin yüksəldilməsindən ötrü bütün gücü ilə çalışır. Şərif müəllimlə söhbətimiz və dərs fasiləsi zamanı məktəbdə davamiyyətin yaxşı olduğunu öz gözlərimizlə gördük. Şərif müəllimi uzun illərin pedaqoqu kimi xüsusi hörmətə malik, müəllim adına layiq bir mütəxəssis kimi sayılıb-seçilən şəxsiyyətlərdəndir. Onun fəaliyyəti 2015-16 tədris ilində, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı Ilə qiymətləndirilmişdir. Ötən tədris ilində isə Şərif Alqayev 03 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Şərif müəllim rəhbərlik etdiyi tədris müəssisəsi və ümumiyyətlə təhsil sahəsində qazanılan uğurlarını bizimlə də bölüşdü: "Məlumdur ki, təhsil hər bir dövlətin, cəmiyyətin həyat fəaliyyətinin mühüm bir sahəsidir. Təhsillə bağlı Ümummilli lider Heydər Əliyev demişdir ki, ”Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi, iqtisadiyyatının inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır".

Onu da qeyd etmək yerinə düşərdi ki, dünyada bütün sahələrdə olduğu kimi, təhsildə də geniş inteqrasiya zərurəti yaranmışdır. Təcrübə göstərir ki, interaktiv təlim metodları dərsin keyfiyyətini artırmaq üçün mühüm vasitədir. Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin formalaşmasına, təlimin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.

Rəhbərlik etdiyim Qaravəlli kənd tam orta məktəbin nailiyyətləri, uğurları və tədrisi ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm. Son, üç tədris ilinin göstəricilərinə nəzər salarkən, 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahan göstəriciləri yüksələn xəttlə inkişaf etmişdir. Məktəbimizin, son üç il ərzində 11-ci sinifini bitirən 63 nəfər məzunundan, 31 nəfəri ali məktəblərdə 12 nəfəri isə, orta ixtisas məktəblərində təhsillərini davam etdirirlər. Bunların içərisində 500-dən çox bal toplayan məzunlarımız da vardır. Fənn olimpiadasının rayon və respublika turunda məktəbimizin şagirdləri də, fəal iştirak etmiş, yarımfinaladək yüksələ bilmişdirlər.Məktəbimizdə hər il məktəbdaxili rəsm, inşa, şer, bilik naminasiyaları üzrə müsabiqələr keçiririk. Qaliblərin zona, rayon, və respublika müsabiqələrində iştirakını təmin edirik. Ötən tədris ilində məktəbimizin “Zəkalar” komandası, rayon təhsil şöbəsi, rayon Gənclər və İdman idarəsi ilə birgə keçirdiyi intellektual “Nə, harada, nə vaxt” oyununda rayon məktəbləri içərisində ikinci yeri tutaraq, diplom və qiymətli hədiyyələrlə təltif olunmuş, zona üzrə keçirilən bilik yarışmasının qalibi kimi rayon turunda iştirak etmək hüququ qazanmışdır. Ötən tədris ilində “Ədəbiyyat birinciləri” Respublika müsabiqəsinin iştirakçısı olan, məktəbimizin 10-cu sinif şagirdi Səadət Balamedova təhsil naziri Mikayıl Cabbarovun imzası ilə “Təltifnamə” ilə təltif olunmuşdur.

Onu da, qeyd etmək yerinə düşərdi ki, ötən dərs ilində təhsil nazirliyinin xətti ilə, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi müsabiqəsində iştirak edən pedaqoji kollektivin göstəricisi rayon üzrə ortalama göstəricisindən yüksək olmuşdur.

Rəhbərlik etdiyim tədris müəssisəsində savadlı, peşəkar pedoqoji kollektiv çalışır. Yuxarıda sadalanan müsbət keyfiyyətli xüsusiyyətləri özündə cəmləşdirən müəllimlərin bir neçəsinin adını çəkmək istərdim: Məlakət Eminova, Kövsər Şabanova, Rasimə Osmanova, İradə Musaherova, Günay Sofiyeva və başqaları bu qəbildəndir.

Şərif müəllimlə söhbət edərkən istər-istəməz hər bir insanın öz müəllimləri yadına düşür. Əslində hər bir insanın ömür yolu, həyat yolu elə məktəbdən də, başlayır. Bizə elə gəlir ki, peşəsindən asılı olmayaraq cəmiyyətdə özünə layiqli yer tutan hər bir insan məktəbə və deyərdim “Müqəddəs Məbəd”ə borcludur.

Əlmaniz Ələkbərli, SİA-nın Şimal Qərb Bölgəsinin rəhbəri, AJB və AYB-nin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə