Naxçıvanda fənn olimpiadasının qalibləri mükafatlandırılıb

Muxtar respublikanın Təhsil Nazirliyində Naxçıvanda keçirilən fənn olimpiadalarının qalibləri mükafatlandırılıb. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən təhsil naziri Məmməd Qəribov hər bir xalqın milli intibahını təmin edən ən zəruri vasitənin təhsil olduğunu bildirib. Ona görə də ölkəmizin bütün regionlarında, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Son 20 ildən artıq bir dövrdə təhsil müəssisələri üçün yeni binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsinə müsbət təsirini göstərib.

“Təhsilə göstərilən qayğının nəticəsində məktəbi bitirən məzunların göstəriciləri ilbəil yaxşılaşır, ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında 500-700 intervalında bal toplayanların sayı artır”, – deyən nazir qeyd edib ki, fizika, kimya, biologiya, riyaziyyat, Azərbaycan dili və xarici dil fənləri üzrə keçirilən olimpiadada VII-XI sinif şagirdləri iştirak ediblər. Olimpiadanın birinci – rayon (şəhər) mərhələsində 1260 nəfər iştirak edib. Bu mərhələdə qalib olan 296 şagird Naxçıvan şəhərində final mərhələsinə qatılıb. Həmin mərhələdə 94 şagird qalib gəlib. Onlardan 34-ü I, 29-u II, 28-i isə III yerləri qazanıb, 3 nəfər isə həvəsləndirici yerləri tutub.

Sonda qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə