Gələn həftə buraxılış imtahanlarının tarixləri açıqlanacaq

“Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub”. SİA-nın xəbərinə görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: “İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədə başqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”.

M. Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.

DİM sədri bu gün Bakı şəhərində yerləşən 98 məktəbin 10-cu sinfində təhsil alan şagirdlər üçün ingilis dili fənni üzrə monitorinq imtahanları haqqında da fikirlərini bölüşüb. O bildirib ki, kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilib: "Şagirdlər ingilis dilində səsləndirilən mətni dinlədikdən sonra müvafiq suallara yazılı şəkildə cavab veriblər. Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və kurikulumların tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədini daşıyır. Monitorinq imtahanları şagirdlərin belə növ imtahanlara necə hazır olmalarını müəyyənləşdirməyə imkan verir. Bu il XI sinfin buraxılış imtahanları zamanı xarici dil fənni ənənəvi test üsulu ilə aparılacaq. Gələn il isə XI sinfin buraxılış imtahanlarında xarici dildən yeni növ tapşırıqlarının istifadəsi nəzərdə tutulub. Gələn il IX sinifdən buraxılış imtahanı verəcək şagirdlər də kurikulum əsasında təhsil alıblar. Onlar da belə növ tapşırıqları bilməlidirlər. Monitorinq imtahanları ekspertlər arasında çox geniş müzakirə ediləcək və imtahan nəticələri Təhsil Nazirliyinə təqdim olunacaq”.

DİM sədri qeyd edib ki, gələcəkdə şagirdlərin xarici dildən danışıq qabiliyyətlərinin yoxlanılmasına da başlanılacaq: “Amma bu, ilk mərhələdir. Kütləvi imtahanlarda texniki nöqteyi-nəzərdən bu işləri həyata keçirmək elə də asan deyil”.

Bütün xəbərlər Facebook səhifəmizdə