“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: “Kriptovalyuta”

Azərbaycan Dövlət İqtisad Universitetinin təsis etdiyi “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı dərc olunub. Jurnalın bu dəfəki nömrəsi son zamanlar qlobal iqtisadiyyatın önəmli hissəsinə çevrilən, dünya ictimaiyyətində, eləcə də ölkəmizdə böyük maraq doğuran elektron pullara – kriptovalyutaya həsr olunub. UNEC-in 27 eksperti kriptovalyuta bazarının xüsusiyyətləri, mexanizmi, iqtisadi və hüquqi aspektlərini geniş təhlil edib.

Jurnalda, həmçinin elektron valyuta bazarının ən çox müzakirə olunan aparıcı valyutası “bitcoin”in iqtisadi mahiyyəti, hüquqi statusu, məzənnəsinin təyin olunması və emissiya mexanizmi haqqında ekspert şərhləri oxucuların diqqətinə çatdırılıb.

“UNEC Ekspert”də blokçeyn texnologiyası və onun tətbiq istiqamətləri, inkişaf perspektivləri, kriptovalyutanın Azərbaycanda tətbiqi imkanları, bitcoin və blokçeynin təhlükə və faydaları, kriptovalyutalar və konfidensial beynəlxalq pul köçürmələri, universitetlərin elektron-pul emissiya imkanları tam təsvir edilib, fəlsəfi mahiyyəti açıqlanıb. Ekspert rəylərində virtual valyuta və ağıllı kontraktların təbiətinin öyrənilməsi, ümumi və fərqli xüsusiyyətlərinin müəyyənləşdirilməsi, bu maliyyə alətinin açdığı üstünlük və mənfi cəhətləri təhlil olunub, onların geniş təsnifatı verilib.

Jurnalda ilk dəfə olaraq xarici ekspert təhlilinə də yer ayrılıb. Rusiyanın rəqəmsal iqtisadiyyat və elektron-maliyyə üzrə tanınmış eksperti Ruslan Makarov rəqəmsal iqtisadiyyatın hüquqi tənzimlənməsi, elektron-pul anlayışı, onun funksiyası barədə geniş məlumat verib. Ekspert kriptovalyutanın müxtəlif ölkələrdə tətbiqinin qısa müddətdə güclü iqtisadi inkişafa nail olması haqqında nümunələr göstərib, onun müsbət nəticələrindən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə