ADU-da Ümummilli Liderə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək

ADU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş I Beynəlxalq elmi konfrans keçiriləcək

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransın keçirilməsi haqqında əmr imzalayıb.

ADU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əmrdə bildirilir ki, 2018-ci ilin aprel-may aylarında Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın plenar və yekun iclaslarının Azərbaycan Dillər Universitetində, bölmə iclaslarının isə aşağıdakı ölkələrin müvafiq universitetlərində keçirilməsi nəzərdə tutulur:

-Azərbaycan Respublikasında – Azərbaycan Dillər Universiteti bazasında, Bakı şəhəri;

-Türkiyə Respublikasında – Ərciyəs Universiteti bazasında (Kayseri şəhəri) və Ərzurum Universiteti bazasında (Ərzurum şəhəri);

-Rusiya Federasiyasında – Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti bazasında (Yekaterinburq şəhəri), A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutu bazasında (Moskva şəhəri), Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı bazasında (Samara şəhəri);

-Gürcüstan Respublikasında – Tbilisi şəhəri, Tbilisi Dövlət Universiteti bazasında (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və «Bilik» cəmiyyətinin iştirakı ilə);

-Çin Xalq Respublikasında –Xucjou Universiteti bazasında (Xuçjou şəhəri);

-İtaliya Respublikasında – Kassino Cənubi Latsio Universiteti bazasında Sülh və Təhlükəsizlik Fondu ilə birgə, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nitsa Universitetinin (Fransa) iştirakı ilə (Roma şəhəri);

-Portuqaliya Respublikasında –Lusafona Universiteti bazasında (Lissabon şəhəri);

-Almaniya Federativ Respublikasında – Ausburq Universiteti bazasında (Ausburq şəhəri).

Konfransa hazırlıq və onun işinin təşkili məqsədi ilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu təşkilat komitəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...