Müsabiqənin finalçılarına sertifikatlar təqdim olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsinin I hissəsi olan təcrübə işi ilə əlaqədar tədbir keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BMU-nun rektoru Havar Məmmədov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları və KİV nümayəndələri iştirak edib.

Müsabiqə çərçivəsində təcrübə işinin təşkilində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin tədqiqat işlərinə marağını artırmaq, ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaratmaqdan ibarətdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BMU-nun rektoru Havar Məmmədov müsabiqənin final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. Rektor çıxışında bildirib ki, belə müsabiqələr şagirdlərin bilik və bacarıqlarının artmasına müsbət təsir göstərir. Havar Məmmədov müsabiqənin final mərhələsinə vəsiqə qazanan komandaların təcrübə işinə hazırlıqla əlaqədar BMU-da təşkil olunan təlimlərdə iştirak etdiyini və məktəblilərin daha geniş auditoriya, universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazlarla əyani şəkildə tanış olduğunu da qeyd edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva BMU-nun rəhbərliyinə və kollektivinə müsabiqə çərçivəsində təcrübə işinin təşkilinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılmasının vacibliyini qeyd edib.

M.Vəliyeva müsabiqənin məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.

Çıxışlardan sonra müsabiqənin final mərhələsinə vəsiqə qazanan Yasamal rayonu üzrə 52, Nərimanov rayonu üzrə 39, Nəsimi rayonu üzrə 164, Qaradağ rayonu üzrə 288, Suraxanı rayonu üzrə 290, Xəzər rayonu üzrə 120, Pirallahı rayonu üzrə 186, Sabunçu rayonu üzrə 72 və 252, Binəqədi rayonu üzrə 283 və 313, Nizami rayonu üzrə 62 və 312 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyanın və Xətai rayonu üzrə 287 nömrəli “Zəkalar” liseyinin komandaları təcrübə işini yerinə yetirib.

Sonda final mərhələsinin I hissəsində iştirak edən 15 komandanın tərkibindəki 45 şagirdə BMU tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsinin II hissəsində şagirdlər ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirəcəklər.

Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib elan olunacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə