DİM 6-cı siniflər üçün monitorinq imtahanı keçirəcək

Sabahdan başlayaraq iki gün ərzində respublikanın 38 şəhər və rayonunda 6-cı siniflər üçün imtahan keçiriləcək. Məlumata görə, monitorinq imtahanlarında 230 məktəb əhatə olunacaq. Azərbaycan dili fənni üzrə 8554, rus dili fənni üzrə 339, riyaziyyat fənni üzrə isə 8546 şagirdin imtahanda iştirakı nəzərdə tutulur.

2 saat davam edəcək imtahanlarda şagirdlər ilk gün ana dili, növbəti gün isə riyaziyyatdan imtahan verəcəklər. İmtahanın son yarım saatı ərzində isə şagirdlər esselər yazacaqlar.

Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə qeyd etdi ki, bu imtahanlar mütəmadi olaraq keçirilir. Məqsəd həm də şagirlərdə imtahan alışqanlığı yaratmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə