Təhsil müəssisələrində anım tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub. İdarənin Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlərdə BŞTİ, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbirlərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Həmçinin, Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.

“Unudulmaz dahi”, “Xalqa bağışlanan ömür”, “Mən azərbaycanlıyam”, “Şəxsiyyətin zirvəsi”, “Heydər Əliyev irsini öyrənirik” və digər mövzularda keçirilən tədbirləridə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Ulu öndərin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər izlənilib.

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar təhsil müəssisələrində fotostend, sərgi, müsabiqə və idman yarışları da təşkil olunub. Müsabiqə və idman yarışlarının qaliblərinə Fəxri fərmanlar təqdim edilib.

Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri təşkil olunub.

Qeyd edək ki, dekabrın 12-də BŞTİ-nin kollektivi də Fəxri xiyabanı ziyarət edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə