Paytaxt məktəblərində silsilə tədbirlər davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə silsilə tədbirlər təşkil edilir. BŞTİ-dən SİA-ya verilən xəbərə görə, paytaxt məktəblərində M.P.Vaqifin həyat və yaradıcılığına dair konfrans, “dəyirmi masa”, mühazirə, ədəbi-bədii gecə, bədii qiraət və rəsm müsabiqələri keçirilir.

Böyük Azərbaycan şairinin 300 illik yubileyi ilə bağlı tədbirlərin təşkil olunmasının əsas məqsədi Vaqif irsini daha dərindən araşdırıb öyrənmək, onun yaradıcılığındakı humanist dəyərləri, bənzərsiz poeziya nümunələrini təbliğ etməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermək, həmçinin şagirdlərin dünyagörüşlərini və ədəbiyyata maraqlarını artırmaqdır.

Tədbirlərdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2017-ci il 12 yanvar tarixli Sərəncamı, şairin adının UNESCO-nun “2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi, onun həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar verilir. Vaqif irsinin daha dərindən öyrənilməsinə ehtiyac olduğu diqqətə çatdırılır. Həmçinin şagirdlər şairin yaradıcılığından şeirlər söyləyir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdirirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə