BSU nümayəndəsi beynəlxalq konfransda çıxış edib

Bakı Slavyan Universitetinin təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, p.ü.f.d, dosent Yaşar Alxasov Moskva şəhərində Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Assosiasiyası (MAPRIAL) ilə birqə təşkil etdikləri “Bilinqvizimdən translinqvizmə doğru: lehinə və əleyhinə” adlı Beynəlxalq elmi-praktik konfransda iştirak edib. BSU-nun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, konfransa – Azərbaycan, Çin, ABŞ, İspaniya, İtaliya, Bolqarstan, Belarus, Slovakiya, Sloveniya, Qazaxıstan, Qırğıstan, Özbəkistan, Moldova, Gürcüstan, Kipr, İran və s. ölkələr daxil olmaqla 20-dən çox dövlətin aparıcı ali təhsil müəssisələri və elmi mərkəzlərinin təmsilçiləri qatılıblar.

BSU-nun nümayəndəsi plenar və bölmə iclaslarında çıxış edərək, Bakı Slavyan Universiteti (BSU) haqqında geniş məlumat vermiş, universitetin rəhbərliyi adından Təşkilat komitəsinin sədri, RXDU-nun Əlavə təhsil üzrə prorektoru xanım Anjela Doljikovaya hədiyyə təqdim edib. Yeri gəlmişkən, Y.Alxasovun Azərbaycan Respublikasında bilinqivizmin formalaşması problemlərinə dair məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşlanıb.

Plenar iclasdan sonra Y. Alxasov RXDU-nun prorektoru xanım Anjela Doljikova ilə təkbətək görüşüb və BSU-nun bazasında region mütəxəssisləri üçün müxtəlif dil və stajkeçmə kurslarının təşkilinə dair layihələrin reallaşması barədə razılığa gəliblər.

Qeyd edək ki, dünya üzrə nüfuzlu ali məktəblərin ilk 50-liyinə daxil olan bu Rusiya Xalqlar Dostluğu Universiteti 5 fevral 1960-cı ildə təsis edilib. Universitetdə hazırda 152 ölkədən 27 min tələbə təhsil alır. Xatırladaq ki, universitetə dünya şöhrətli alim, riyaziyyat sahəsində akademik, 1999-2004-cü illərdə Rusiyanın təhsil naziri olmuş, hazırda Rüsiya Federasiyası Ali Attestasiya Komissiyasının sədri Vladimir Mixayloviç Filippov rəhbərlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə