Azərbaycanda yüksək nəticə göstərən şagirdlərin sayı artıb

Son 5 ildə oxu bacarıqları üzrə IV sinfin sonunda yüksək nəticə göstərən azərbaycanlı şagirdlərin sayı 2 dəfə artıb. SİA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat – PIRLS-in nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

E.Əmrullayev qeyd edib ki, oxu prosesinin ayrı-ayrı komponentləri üzrə də ölkə üzrə şagirdlərin nəticələrində əsaslı yaxşılaşma qeydə alınıb. “İnformasiya almaq məqsədilə” oxu bacarıqları 460 baldan 475 bala, ədəbi məzmunlu mətnlər üzrə oxu bacarığı 461 baldan 465 bala qədər inkişaf edib. Şagirdlərin “İzah, inteqrasiya və qiymətləndirmə” bacarıqları 449 baldan 463 bala, “birbaşa nəticə çıxarma” bacarıqları isə 469 baldan 476 bala qədər artıb.

Şöbə müdiri əlavə edib ki, PIRLS tədqiqatı şagirdləri nəticələrinə görə 4 – “mükəmməl”, “yüksək”, “orta” və “aşağı” səviyyəyə bölür. PIRLS - 2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 0 faizdən 2016-cı ildə 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 9 faizdən 2016-cı ildə 16 faizə yüksəlib:

"Başqa sözlə, ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin payı 37 faizdən 27 faizə enib və ya 27 faiz azalıb. PIRLS - 2016 proqramına ümumilikdə 60 iştirakçı ölkə (ştat, zona və s.) üzrə 340.000-dən çox şagird, 330.000 valideyn, 16.000 müəllim, 12.000 məktəb cəlb olunub. Azərbaycan üzrə isə təsadüfi seçim əsasında 170 ümumtəhsil məktəbi, 6000-dən çox 4-cü sinif şagirdi, 340 müəllim və 6000-dən çox valideyn iştirak edib".

Qeyd edək ki, PIRLS ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramıdır. PIRLS tədqiqatı Şagirdlərin Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2001-ci ildən başlayaraq hər beş ildən bir keçirilir. Azərbaycan bu proqrama 2011-ci ildə qoşulub. Əsasən inkişaf etmiş ölkələrin şagirdlərinin iştirak etdiyi bu qiymətləndirmə tədqiqatında ölkələr üzrə orta bal 500 bal olaraq müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə