Qərbi Kaspi Universitetində Ukraynanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

Qərbi Kaspi Universitetində (əvvəlki Qərb Universiteti) Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Universitetin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Mərkəzdə tələbələrin iştirakı ilə aparılan ənənəvi tədqiqatlarda bu həftə Ukrayna-Azərbaycan münasibətlərinin nəzərdən keçirildiyini diqqətə çatdırdı və Ukrayna səfiri ilə görüşün politologiya ixtisası üzrə təhsil alan tələbələr üçün əhəmiyyətini qeyd edib.

Səfir Aleksandr Mişşenko iki ölkə arasında əlaqələrin tarixi barədə danışdı, Ukrayna-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini şərh edib. Bildirilib ki, bu gün bu əlaqələr sürətlə inkişaf edir və regional miqyasda olduqca mühüm, strateji əhəmiyyət kəsb edir. Bir gün öncə iki ölkənin dövlət başçılarının görüşünü xatırladan səfir Mişşenko qeyd etdi ki, siyasi məsələlərdə bir-birinə daim dəstək verən Azərbaycan və Ukrayna həm də iqtisadi tərəfdaşlardır: “Azərbaycanın Ukraynaya İxracatı artırması iqtisadi əməkdaşlığın daha bir yaxşı göstəricisidir” – deyə səfir bildirib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladan qonaq vurğulayıb ki, bu cür konfliktlər beynəlxalq hüquq normaları əsasında - dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə