Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan multikulturalizmi kafedrası, Beynəlxalq münasibətlər kafedrası, Əlavə təhsil və qiyabi şöbə, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş elmi seminar keçirilib. BSU-dan SİA-ya bildirilib ki, tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Azərbaycanda tolerantlığın kökünün tarixin dərin qatlarına getdiyini deyib. Prorektor görkəmli sənətkarların əsərlərindən gətirdiyi nümunələr əsasında xalqımızın tarix boyu digər xalqlara hörmət və ehtiramla yanaşdığını vurğulayıb. X.Sultanova qeyd edib ki, milli-mədəni rəngarənglik mühitinin formalaşdığı Azərbaycan öz ərazisində yaşayan xalqların milli, dini, etnik fərqlərdən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitində yaşaması ilə dünyaya bir örnək olub.

Azərbaycan multikulturalizmi kafedrasının dosenti Sevda Axundova “Tolerantlıq anlayışının fəlsəfi təhlili” mövzusu ilə çıxış edərək Beynəlxalq Tolerantlıq Gününün tarixindən danışıb. O, bildirib ki, 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə tolerantlıq gününün təsis edilməsində məqsəd qurumun nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. S.Axundova məruzəsində antik dövrdən müasir dövrədək dünya filosoflarının tolerantlıqla bağlı düşüncələrini fəlsəfi təhlil edib.

Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə “Tolerantlıq və etnik amil” adlı məruzə ilə çıxış edib. Ş.Nuruzadə tolerantlığın tarix boyu dünyada mövcud olan millətlərin inkişafında rolundan söz açıb. Dövlətlərarası tolerantlığın qəbul edilməsi ilə bağlı danışan Ş.Nuruzadə miqrasiya problemi və tolerantlıq barəsində də seminar iştirakçılarına maraqlı məlumatlar verib.

Sonra beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Nuhbala Əliyevin “Tolerantlığın tarixi və Azərbaycanda tolerantlıq” adlı məruzəsi dinlənilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə