3 ölkənin səfiri ADU-da olub FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Argentina Respublikasının ölkəmizdəki səfiri Karlos Dante Riva ilə görüşüb.

ADU-dan SİA-ya verilən məlumata görə, Argentina səfirliyinin nümayəndələrinin universitet tələbələri üçün xüsusi kurslar təşkil etdiklərini deyən K.Abdulla buna görə səfirə təşəkkür edib. Rektor əməkdaşlıq üçün bir çox sahələrin mövcud olduğunu söyləyib: “Arzu edirik ki, Argentina universitetləri ilə də əməkdaşlıq edək. Bu işdə sizin köməyinizə ehtiyacımız var”. Rektor əlavə edib ki, ADU tələbələrinin Argentinaya xüsusi rəğbəti var və bu mövqedən çıxış edərək müştərək işlər görmək olar. Cənubi Amerika universitetləri ilə əlaqələrin demək olar ki, olmadığını bildirən rektor səfirdən ölkəsində ADU-ya tərəfdaş universitet tapmağı xahiş edib. Onun sözlərinə görə, həmin universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi, ADU-da isə Argentina mədəniyyət mərkəzinin yaradılması birbaşa əlaqələrin inkişafına gətirib çıxara bilər. Rektor həmçinin dünyanın 17 universitetində tədris olunan “Azərbaycan multikulturalizmi” fənninin Argentina universitetlərindən birində də tədris edilməsini təklif edib.

Öz növbəsində səfir K.D.Riva universitetlərin ölkələrarası münasibətlərin inkişafında rolundan danışıb. O, bildirib ki, ölkəsindəki müxtəlif turizm şirkətləri Argentinadan Azərbaycana turist gətirmək istəyir. Onların ispan dilini bilən bələdçi və tərcüməçilərə ehtiyacı var ki, bu da həm ADU-nun məzunları, həm də tələbələri üçün yeni iş yerləri deməkdir.

ADU-ya dəstək verməyə hazır olduğunu deyən səfir ölkəsinin Xarici İşlər İnstitutunun göndərdiyi müxtəlif mövzularda kitabları rektora hədiyyə edib. O, bildirib ki, Argentinada sırf dillər universiteti olmasa da, müxtəlif dilləri tədris edən ali təhsil müəssisələri var: “Çalışacağam ki, Buenos-Ayres Universitetini əməkdaşlığa cəlb edim. Bizim fikrimizcə, qapılar təkcə Azərbaycana yox, bütün regiona açılmalıdır. Düşünürəm ki, Azərbaycan Argentinanın strateji tərəfdaşına çevrilməlidir. Çalışacağam ki, sizə uyğun universitetlər tapım”.

Səfir rektor K.Abdullanın dəvətini qəbul edərək universitetin “Səfir saatı” layihəsi çərçivəsində məmnuniyyətlə mühazirə oxuyacağını deyib.

Sonda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı hədiyyə olunub.

Rektorun daha bir görüşü Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Mixael Kindsqrabla olub. Bu yaxınlarda ADU-da almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş tədbir keçirildiyini deyən rektor qarşıda duran planlardan söz açıb. O, bildirib ki, yaxın gələcəkdə ADU-da Germanistika İntsitutunun açılması planlaşdırılır: “Ümid edirəm ki, burada germanistikanın böyük perspektivləri olacaq”. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” dastanlarının müştərək tədqiqi layihəsi barədə də danışan K.Abdulla bu layihənin Germanistika İntsitutu çərçivəsində genişləndirilmiş şəkildə davam edəcəyinə ümidvar olduğunu söyləyib. Onun sözlərinə görə, bu cür layihələr xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.

Öz növbəsində səfir M.Kindsqrab əlaqələrin dərin köklərə malik olduğunu bildirib. Universitetlərlə əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan diplomat ADU ilə əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

Daha sonra ADU-nun Alman oxu zalının təşkilatçılığı ilə səfir Mixael Kindsqrab “Səfir saatı” layihəsi çərçivəsində universitetin professor-müəllim və tələbə heyəti ilə görüşüb.

Qonağı iştirakçılara təqdim edən Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova onu universitetdə görməkdən məmnun olduğunu bildirib.

Səfir M.Kindsqrab “Almanların Azərbaycanda 200 illik yerləşməsi və turizm” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

“Səfir saatı” layihəsi üzrə daha bir görüş İtalyan dili mərkəzinin təşkilatçılığı ilə İtaliyanın Azərbaycandakı səfiri cənab Auqusto Massarinin iştirakı ilə keçirilib.

“Multikulturalizmə çağırışda italyan və Avropa kimliyi: Azərbaycan təcrübəsi ilə müqayisə” mövzusunda çıxış edən səfir Azərbaycandakı multikulturalizm ideyalarının inkişafı haqqında öz fikirlərini bölüşüb, müxtəlif din və millətlərə mənsub olan insanların burada sülh şəraitində, mehriban yaşadığnı bildirib.

Həmçinin italyan dili ixtisas ıüzrə təhsil alan II kurs tələbələri Sevda Abbasova, Surə Abasova və Mədinə Hüseyn “Azərbaycanda multikulturalizm” mövzusunda hazırladıqları təqdimatı səfir və qonaqlara təqdim ediblər.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə