ADU-da Hindistan milli geyimlərinin nümayişi keçirilib FOTO

Noyabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) foyesində Hindistan milli geyimlərinin nümayişi keçirilib. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə iştirak edən Hindistanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Norbu Neqi ADU-da olmaqdan məmnun olduğunu bildirib. Universitetin Hindi dili və mədəniyyəti mərkəzi tərəfindən təşkil olunan bu nümayişi yüksək qiymətləndirən N.Neqi əyləncəli və həvəsləndirici tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

Tədbirdə hindlilərin geyim tərzləri, milli geyimlərinin növləri və istifadə etdikləri aksessuarların simvolik mənaları haqqında ətraflı məlumat verilib.

Libaslar universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələr tərəfindən nümayiş etdirilib.

Tədbirdə qonaqlar Hindi dili və mədəniyyəti mərkəzinin müdiri Saidə Mirzəyeva və Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələrin ifasında hind milli rəqslərini izləyiblər.

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Hindistana məhəbbətin həmişə xalqımızın qəlbində olduğunu söyləyib. Rəqslərə baxıb, geyim nümayişini nəzərdən keçirdiyini deyən rektor bildirib ki, tədbir qonaqların böyük mədəniyyətin nişanələri ilə tanış olmalarına səbəb olub. Tədbirin təşkilində əməyi keçən şəxslərə minnətdarlığını bildirən rektor K.Abdulla bu tədbirin universitetdə hindi dili və mədəniyyətini öyrənən tələbələrlə yanaşı, başqa ölkələr haqqında bilikləri mənimsəyən tələbələrin də rəğbət və məhəbbətini qazandığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə