Məktəblərdə "İslam Həmrəyliyi ili"nə həsr olunmuş mühazirələr keçirilir FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində “İslam Həmrəyliyi ili”nə həsr olunmuş səyyar mühazirələr cari tədris ilində də davam edir. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, səyyar mühazirələr Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun təşkil edilir.

Mühazirələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin nümayəndələri, rayon icra hakimiyyətləri və rayon polis idarələrinin əməkdaşları, valideyn icmalarının təmsilçiləri, müəllim və VIII-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirlərdə çıxış edənlər ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının Azərbaycanın İslam dünyasındakı nüfuzundan qaynaqlandığını və IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd ediblər.

Mühazirələrdə gənclər arasında milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğinin əhəmiyyətinə toxunulub, hər bir gəncin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühitindən, mehriban şəraitdə yaşayan çoxsaylı xalqların həyatından, multikultural dəyərlərin inkişafından da bəhs edilib.

Mühazirələrin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb, “Şəhadət” sənədli filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə