“ADA” Universiteti abituriyentlərə birgünlük tələbə olmaq imkanı yaradır

“ADA” Universiteti 2018-2019-cu tədris ili üçün biznesin idarə edilməsi, iqtisadiyyat, beynəlxalq münasibətlər, kompüter mühəndisliyi, informasiya texnologiyaları, kompüter elmləri, dövlət və ictimai münasibətlər ixtisası üzrə bakalavriat pilləsində, diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, təhsil üzrə menecment və biznesin idarəedilməsi ixtisası üzrə isə magistratura pilləsində təhsil almaq üçün sənəd qəbuluna başlayıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, magistratura pilləsində Azərbaycan vətəndaşları üçün sənəd qəbulu dekabrın 1-dən aprelin 5-dək, xarici vətəndaşlar üçün avqustun 1-dək davam edəcək.

Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “ADA” Universiteti yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Bu ali təhsil ocağının müəllim və tələbələrin 46 müxtəlif ölkədən olmaları universitetdə zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı təhsil təcrübəsindən faydalanmaq imkanı verir. Təhsil müddətində tələbələr dünyanın “ADA” Universitetinin akademik tərəfdaşı olan 50 təhsil ocağından birində təhsil mübadiləsi keçə bilərlər. Ali təhsil ocağında fəaliyyət göstərən Karyera Mərkəzi tələbləri birinci kursdan başlayaraq məşğulluq bazarı ilə tanış edir, ixtisasları üzrə müxtəlif fərdi və dövlət qurumlarında təcrübə qazanmağa yönləndirir. Bunun nəticəsi olaraq universitetin məzunları arasında məşğulluq göstəricisi 89 faizdir.

“ADA” Universitetində təhsillə maraqlananların bu ali təhsil ocağı ilə bilavasitə tanış olması üçün tələbə qəbulu üzrə şöbə silsilə tədbirlər keçirir. Ənənəvi “açıq qapı” günləri, məlumat sessiyaları ilə yanaşı, universitet dördüncü kurs tələbələrinə və 10-11-ci sinif şagirdlərinə birgünlük tələbə olmaq şansı verir. “ADA-da bir gün” kampaniyası çərçivəsində onlar universitetin bakalavrını və ya magistrini müşaiət edib onun bir gününü “yaşaya” bilərlər. Bundan əlavə, Bakının digər ali təhsil ocaqları ilə qurulan əməkdaşlıq çərçivəsində “ADA” Universitetinin müəllimlərinin mühazirələri təşkil olunur.

Bu ali təhsil ocağının tələbə qəbulu üzrə şöbəsinin direktoru Günay Ziyadovanın sözlərinə görə, universitetdə ali təhsil almaq tədris proqramı və təlim üsulları dünyanın digər aparıcı ali təhsil ocaqlarından geri qalmayan bir mühitdə oxumaq deməkdir. O deyib: “Xüsusilə də, magistratura proqramları tələbələrin əvvəlki akademik təhsil sahəsini nəzərə almadığına görə bu, tamamilə yeni bir sahəni öyrənməklə karyera imkanlarının genişləndirilməsinə gətirib çıxarır. Magistratura proqramları axşam saatlarında tədris edildiyi üçün, tələbələrimiz işdən ayrılmayaraq bu pillədə təhsil ala bilirlər”.

“ADA” Universitetində magistratura təhsili almaq istəyən Azərbaycan vətəndaşları Dövlət İmtahan Mərkəzinin (DİM) magistratura pilləsi üzrə birinci mərhələ imtahanını və ingilis dili üzrə İELTS və ya TOEFL imtahanlarını verməlidirlər. Bakalavriat proqrmalarına qəbul isə iki yolla – DİM-in müvafiq qrup üzrə və ya SAT imtahanlarının nəticəsinə əsasən aparılır. İlkin mərhələdən keçən abituriyentlər “ADA” Universitetində müsahibədə iştiraka dəvət olunurlar. Yüksək akademik göstəricilər nümayiş etdirən tələbələrə universitet tərəfindən təhsil haqqına güzəştlər təklif edilir. Maraqlananlar “ADA” Universitetinin internet səhifəsinə (ada.edu.az) daxil olub elektron ərizə formasını doldurmaqla, əlavə suallarla isə admissions@ada.edu.az ünvanına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə