BP-nin regional prezidenti Bakı Ali Neft Məktəbində

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə kollektivi arasında böyük görüş olub. BANM-dan SİA-ya verilən məlumata görə, tədbirdə həmçinin BP və digər neft şirkətlərinin nümayəndələri, eləcə də yerli və xarici media nümayəndələri iştirak ediblər. BANM-ın kampusunun Konqres zalında baş tutan tədbirdə cənab Qəri Counz “Liderlik” mövzusunda masterklass keçib.

Tədbiri ilk öncə Ali Məktəbin rektoru Elmar Qasımov bütün iştirakçıları salamlayaraq açıb və cənab Qəri Counza BANM-a verdiyi önəm və eyni zamanda bugunki mühazirəsinə görə dərin təşəkkürünü bildirib. Rektor həmçinin BP şirkətini Azərbaycanda 25 illik fəaliyyəti münasibətilə təbrik edib və BP-nin ölkəmizdə olan sosial fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. Elmar Qasımov BANM-a olan böyük diqqətinə və birgə əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə BP şirkətinin regional prezidenti Qəri Counza Bakı Ali Neft Məktəbinin Fəxri qonağı diplomunu təqdim edib.

Fəxri qonaq Qəri Counz Ali Məktəbin rektoruna BP şirkəti ilə yaxın əməkdaşlığa görə təşəkkür edərək bildirib ki, Azərbaycanda təhsilin inkişafına, o cümlədən neft və qaz mütəxəssislərinin yetişdirilməsinə dəstək BP-nin sosial sərmayə proqramlarının əsas istiqamətlərindən biridir. Cənab Counz məmnunluqla qeyd edib ki, BP-nin 2017-cil ildə işə qəbul etdiyi neft və qaz ixtisaslı 13 mühəndisin 5-i BANM-ın məzunudur, həmçinin yay təcrübəsi (interna) üçün seçdiyi 26 tələbənin 14-ü BANM-da təhsil alır.

Görüş zamanı cənab Counz həmçinin BP şirkətinin Azərbaycandakı 25 illik fəaliyyətinin uğurlarından danışıb, şirkətin kadrların milliləşdirilməsi siyasətini və tələbə və məzunlara xüsusi proqramlar vasitəsilə yay təcrübəsi və karyera imkanları yaratdığını vurğulayıb.

Daha sonra o, liderlik haqqında öz maraqlı fikirlərini bölüşüb, əsl liderlik xüsusiyyətləri və liderliyə aparan yollar barəsində tələbələrlə səmimi diskussiya aparıb. 1981-ci ildən bugünə qədər BP-də çalışan cənab Counz tədbir iştirakçıları ilə öz karyera təcrübəsini paylaşıb və bu illər ərzində fəaliyyətinin əsas istiqamətlərindən danışıb. Olduqca interaktiv və səmimi keçən görüşün sonunda tələbələr Qəri Counza onları maraqlandıran çoxsaylı suallar ünvanlayıblar.

loading...