“Məktəb seminarları” Xətai məktəblərində

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”ndə təşkil olunan “Məktəb seminarları”nın sayca 10-cu sessiyaları Xətai rayonunun ümumi təhsil məktəbləri üzrə keçirilib. İdarənin mətbuyat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədrisin təşkili, məktəb mühiti, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, valideynlərlə işin qurulması və digər müvafiq məsələlərə toxunub.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəb imicinin formalaşdırılması, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəbdənkənar tədbirlərin təşkili, məktəblərin payız-qış mövsümünə hazırlığı və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəbdaxili tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi və digər müvafiq məsələlər müzakirə olunub.

Sessiyalarda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb.

Bildirək ki, “Məktəb seminarları” layihəsinin 3-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə