Kamal Abdulla İtaliyanın səfiri ilə görüşüb FOTO

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

ADU-dan SİA-ya verilən məlumata görə, A.Massarini səfir vəzifəsinə təyin edilməsi münasibəti ilə təbrik edən K.Abdulla iki ölkə arasındakı xoş münasibətlərin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib. Onun sözlərinə görə, səfirliklə ADU arasındakı münasibətlər iki ölkə arasındakı dialoqun əsasını təşkil edir.

İtaliya ilə bağlı xatirələrindən danışan rektor dünya şöhrətli italyan yazıçısı Umberto Ekonun dəvəti ilə onun evində olduğunu xatırladıb. Bu xatirələrin unudulmaz olduğunu deyən rektor İtaliya ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Multikulturalizm sahəsində əməkdaşlıqdan söz açan K.Abdulla bildirib ki, “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyi universitetlərdən biri də İtaliyanın La Sapienza Universitetidir. ADU-nun bir çox xarici universitetlərlə əməkdaşlıq etdiyini deyən rektor əlavə edib ki, bu əlaqələrin La Sapienza universiteti ilə də davam etməsinə çalışacaq: “Çalışacağam ki, italyan alimlər Azərbaycana gəlsinlər. Mən italiyalı alimlərin ADU ilə sıx təmaslarının qurulmasının tərəfdarıyam. Ümid edirəm ki, cənab səfir bizim bu istiqamətdə arzularımızın həyata keçirilməsinə kömək edəcək. Biz “Azərbaycan multikulturalizmi” fənninin təkcə La Sapienza Universitetində deyil, digər ali təhsil müəssisələrində də tədris olunmasından məmnun olardıq”.

K.Abdulla qeyd edib ki, xarici universitetlərlə əlaqələr təkcə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bitmir. Bu fənni öyrənən tələbələr Azərbaycana yay və qış multikulturalizm məktəblərinə dəvət edilir, ölkəmizdə yaşayan müxtəlif xalqların həyatı ilə yerindəcə tanış olur.

İtalyan dilinin bütün mədəni dillərin ruhunda yaşadığını söyləyən rektor ADU-da italyan dilinin öyrənildiyini, İtalyan dili Mərkəzinin fəaliyyət göstərdiyini qonağın diqqətinə çatdırıb. O, səfirdən İtaliya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasına köməklik göstərməsini xahiş edib. Artıq Çin, Rumıniya və İndoneziyada müvafiq mərkəzlərin fəaliyyətə başlamasına hazırlıq görüldüyünü vurğulayan K.Abdulla ADU-nun İtaliyada da belə bir mərkəzin açılması ilə bağlı bütün lazımi addımları atmağa hazır olduğunu sözlərinə əlavə edib.

Öz növbəsində səfir A.Massari Azərbaycanın ölkəsində kifayət qədər tanındığını, İtaliya səfirliyi ilə ADU arasında isti münasibətlərin mövcud olduğunu vurğulayıb: “Ümid edirəm ki, bu münasibətlər daha da məhsuldar olacaq. Mən əməkdaşlığa, eyni zamanda “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə öz töhfəmi vermək istərdim. Əminəm ki, digər italyan universitetləri də bu fənnin tədrisinə maraq göstərəcək”.

Səfir əlavə edib ki, Bolonya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisini təşkil etmək olar və o, bu barədə həmin universitetin rektoruna məlumat verəcək. O, bildirib ki, İtaliya universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması təklifini müsbət qarşılayır: “Mən bu təklifi yerinə yetirəcəyimə söz verirəm və xahişinizi mənə edilən təkliflər arasında zirvəyə qoyuram. Çünki universitetlər arasındakı əlaqələr prioritet məsələdir”.

Səfir ADU-nun rektorunun onun “Səfir saatı” klubunda mühazirə oxumağı barədə dəvətini müsbət qiymətləndirib və məmnuniyyətlə tələbələrlə, o cümlədən italyan dili üzrə məzun olmuş şəxslərlə görüşəcəyini bildirib.

Görüşün sonunda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı və rektor K.Abdullanın İtaliyada nəşr olunan əsərləri təqdim olunub.

loading...