Məktəb direktorları və müəllimlər üçün müsabiqə

Təhsil Nazirliyi birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır. SİA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müsabiqənin ikinci mərhələsi oktyabrın 28-də S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək.

Məlumatlar bu mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsilə bildiriş veriləcək.

İkinci mərhələdə namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək.

Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə