Qəbələdə Peşə Təhsil Mərkəzi istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib. SİA-nın məlumatına görə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi iri sənaye mərkəzlərində, regionlarda rasionallaşdırılma və optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin yaradılması çərçivəsində istifadəyə verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi peşə liseyi statusunda olmaqla Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında yaradılıb.

3 mərtəbədən ibarət mərkəzdə iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. Mərkəzdə istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun yaradılmış 4 emalatxana lazımi avadanlıqla təchiz olunub.

Yeni tədris korpusunda gözləmə və konfrans zalları, 30 sinif otağı, linqafon, kompüter otaqları, laboratoriyalar, 13 inzibati otaq, mətbəx, yeməkxana, təlim üçün restoran və otel otağı, oxu zalı olan kitabxana, soyunub-geyinmə otağı, idman zalı var.

Mərkəzin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi var və 10-dan çox müasir kənd təsərrüfatı texnikası ilə təchiz olunub.

Mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür. Təhsil müəssisəsində regionun xüsusiyyətləri nəzərə alınmaqla, aqrar və turizm sektoruna aid ixtisasların hazırlanmasına böyük əhəmiyyət verilir.

Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə