Amerikalı ekspert ADU-da tələbələrlə görüşüb FOTO

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm elmi-tədqiqat laboratoriyasında amerikalı jurnalist, müstəqil tədqiqatçı, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys Filologiya və jurnalistika fakültəsinin tələbələri ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, görüşdə P.Teys “ABŞ-da multikulturalizm ənənələri. Müasir mədəni müxtəlifliyə giriş” mövzusunda məruzə ilə çıxış edib.

“Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədqiqatın aparılması məqsədi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti əsasında ölkəmizdə səfərdə olan P.Teys öz məruzəsində ABŞ-da multikulturalizm ənənələrinin araşdırılması və davam etdirilməsi, müxtəlifliyin qorunmasına yönəlmiş addımlar, xalqların və etnik qrupların mədəni dəyərləri, müasir dövrdə ona yanaşma formaları haqqında danışıb. O, həmçinin Azərbaycanın özünəməxsus multikulturalizm modeli ilə dünyada tanınan bir ölkə olduğunu söyləyərək ölkəmizdəki multikultural dəyərləri, tolerantlıq ənənələrini yüksək qiymətləndirib. P.Teys ölkə Prezidenti İlham Əliyevin multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması ilə bağlı dediyi sözləri əsas tutaraq multikulturalizmin Azərbaycan və ABŞ modelləri arasında müqayisəli təhlil aparıb.

Görüşün davamında qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə