2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Nərimanov rayonunun ümumi təhsil məktəblərini əhatə edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunan seminarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti məsələlərinə toxunub.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev istedadlı şagirdlərlə iş, karyera inkişafı, şagird nailiyyətlərinin izlənilməsi, keyfiyyətə nəzarət, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda müəllimlərin peşəkar inkişafı, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, metodiki işə nəzarət, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi məsələləri müzakirə olunub.

Sessiyalarda qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərini əhatə edən “Məktəb seminarları” layihəsinin 3-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə