Akademik: "İnstitut əməkdaşları qrant layihələrində fəal iştirak etməlidirlər"

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elmi şurasının növbəti iclasında əməkdaşların qrant layihələrində iştirakı ilə bağlı müzakirələr aparılıb.

İTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun AMEA-da fəaliyyət göstərən alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə elan etdiyi müsabiqə haqqında məlumat verib. Qeyd olunub ki, müsabiqəyə neft sənayesində qazma, hasilat və s. proseslərdə innovativ texnikanın tətbiqi, neft-qaz kompleksində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi problemləri, hasilatın optimallaşdırılmasında kompüter proqram təminatı və İKT-nin tətbiqi ilə bağlı layihələrin də qəbul edilməsi nəzərdə tutulur.

Direktor institut əməkdaşlarına SOCAR-ın təqdim etdiyi bu layihədə fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədözümlü tədqiqatlarla məşğul olmağı tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə