Müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti müzakirə olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən reallaşdırılan “Məktəb seminarları”nın növbəti sessiyaları Yasamal rayonunun ümumi təhsil müəssisələrini əhatə edib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər.

2017-2018-ci dərs ili üzrə təşkil olunan “Məktəb seminarları” layihəsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, yeni layihələrin icrası, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti məsələlərindən danışıb.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev tədrisin təşkili,I sinfə qəbul, məktəbəhazırlıq qruplarının təşkili, istedadlı şagirdlərlə iş, karyera inkişafı, keyfiyyətə nəzarət, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəbdaxili metodiki işə nəzarət, müəllimlərin peşəkar inkişafı, məktəbdaxili qiymətləndirmə, davamiyyət, şagirdlərin yerdəyişməsi, keyfiyyətli təhsilvermənin təmin edilməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəb kitabxanalarının fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə olunub.

Sessiyalarda səsləndirilən təklif və tövsiyələr ətrafında müzakirələr aparılıb.

Sessiyaların Bakı şəhərinin 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova
loading...