Sentyabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Qaz-Neft-Mədən fakültəsinə qəbul olan birinci kurs tələbələri ilə görüş keçirilib. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev iştirak edib.

ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru A.Babayev gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib. Onları ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edən prorektor həmçinin qeyd edib ki, universitetin qoruduğu mənəvi dəyərləri davam etdirmək və yaxşı oxumaq hər bir tələbənin mənəvi borcudur. Yüksək ixtisaslı və savadlı gənclər yetişdirmək üçün universitetdə aparılan işlər haqqında danışan prorektor A.Babayev bu prosesdə tələbələrin də öhdəsinə müəyyən vəzifələr düşdüyünü söyləyib.

Universitetin vaxtilə yetişdirdiyi məşhur məzunlar haqqında gənclərə məlumat verən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri N.Gəncəyev THİK üzrə bölmələr haqqında məlumat verib. O, tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün universitetdə fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar”klubu, Debat və İdman klubları haqqında geniş məlumatla çıxış edib. Bunlarla yanaşı universitetin 12 idman növü üzrə (futbol,basketbol,voleybol,stolüstü tennis,güləş,cüdo,üzgüçülük,şahmat,dama və s.) idman klublarının fəaliyyət göstərdiyini qeyd edən N.Gəncəyev tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə və burada fəaliyyət göstərən dərnəklərə qoşulmağa çağırıb.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə