Bir sıra qanunlar "Elm haqqında" qanuna uyğunlaşdırılacaq

Milli Məclisin payız sessiyası dövründə “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanun layihələrinin hazırlanması məsələsi gündəliyə salınacaq. SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

Deputat qeyd edib ki, parlamentin payız sessiyası dövründə “Peşə təhsili haqqında” qanun layihəsinin birinci oxunuş üçün plenar iclasın müzakirəsinə çıxarılması nəzərdə tutulur:

"Layihə birinci oxunuşdan keçdikdən sonra “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün də işçi qrupu yaradılacaq və layihənin hazırlanması üçün materiallar toplanılacaq. Oktyabrda “Peşə təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra - noyabrda “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq”.

O əlavə edib ki, “Elm haqqında” qanuna uyğunlaşdırma məqsədilə bir sıra digər qanunlarda dəyişikliklərin edilməsi tövsiyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə