UNEC-in bütün tədris binalarında bayram ab-havasında keçirilən tədbirin açılışında fakültə dekanları tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar. Gənclərə vətənpərvərlik və dövlətçilik ruhu aşılayan “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı videoçarx nümayişi olunub.

“Bilik Günü”ndə UNEC rektoru, professor Ədalət Muradovun müəllim və tələbələrə ünvanladığı təbriki səsləndirilib. UNEC kollektivini yeni tədris ili münasibətilə təbrik edən rektor onlara daha yüksək zirvələri fəth etməyi arzulayıb.

Tədbirdə çıxış edən edən prorektorlar UNEC-in son illər artan nüfuzundan, göstərilən etimaddan danışaraq, universitetə qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının ilbəil artıdığını xüsusi vurğulayıblar. Bildiriblər ki, bu tədris ilində II ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin 74%-i məhz UNEC-i seçib. Çıxış zamanı UNEC-in beynəlxalq əməkdaşlıqları, mübadilə, təqaüd proqramları, yaradılan yeni imkanlar barədə də tələbələrə ətraflı məlumat verilib.

Övladlarının tələbə adını qazanmalarını sevinclə qarşılayan valideynlər onlara savadlı və bacarıqlı mütəxəssislər kimi yetişməklə yanaşı, vətəninə, xalqına layiqli olmağı tövsiyə ediblər. Fakültələr üzrə fəxri məzunlar universitet illəri ilə bağlı xoş xatirələrini bölüşüblər, I kurs tələbələrinə UNEC ailəsinin üzvü olmağın üstünlüklərindən danışıblar.

Sonra hər fakültəyə ən yüksək nəticə ilə qəbul olan 3 tələbəyə seçimlərinə görə “Təşəkkürnamə” təqdim edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə