600-dən yuxarı bal toplayan tələbələr BSU-nu seçib

Nurlana Əliyeva: "Məqsədimiz universitetin elmi potensialını daha da artırmaq, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq və beynəlxalq əlaqələri inkişaf etdirməklə dünya təhsilinin ən mütərəqqi ənənələrini universitetimizdə tətbiq etməkdir"

Yeni tədris ilinin başlanması, ümumiyyətlə, belə bir əlamətdar günün xalqımıza bayram ovqatı bəxş etməsi Azərbaycan təhsilinin daha uğurlu gələcəyə doğru addımlamasına stimul verir. Orta məktəblərdən başlayaraq, ali təhsil müəssisələrinə qədər hər bir uşaq, yeniyetmə və gənc ruh yüksəkiliyi ilə elm ocaqlarına doğru tələsir. Belə bayram ovqatı Bakı Slavyan Universitetində (BSU) də yaşanıb. Yeni tədris ilinin başlanması ilə bağlı bu nüfuzlu elm ocağının rektoru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva da bizimlə öz dəyərli fikirlərini bölüşüb.

N.Əliyeva qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Bilik günü bayramı bütün Azərbaycanda təntənə ilə qeyd olunur. O, bildirib ki, yeni tədris ilində BSU-ya abituriyent axını ötən illərə nisbətən xeyli güclənib. “600-dən yuxarı bal toplayan tələbələr məhz BSU-nu seçib”-deyə bildirən rektor əlavə edib ki, son illərin ən yüksək statistik nəticəsi də məhz bu il əldə edilib. N.Əliyeva həmçinin bununla kifayətlənməyəcəklərini, daim yeni təşəbbüslərlə, ideyalarla çıxış edəcəklərini vurğulayıb: "Məqsədimiz universitetin elmi potensialını daha da artırmaq, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq və beynəlxalq əlaqələri inkişaf etdirməklə dünya təhsilinin ən mütərəqqi ənənələrini universitetimizdə tətbiq etməkdir".

N.Əliyeva BSU-da davamlı olaraq yeniliklərin həyata keçirildiyini bildirərək, bu elm müəssisəsinin qısa müddət ərzində ən müasir səviyyədə təmir olunaraq tələbələrin ixtiyarına verildiyini, burada universitetin müəllim-tələbə, habelə işçi kollektivi üçün lazımi şərait yaradıldığını diqqətə çatdırıb. O, bütün bu uğurların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsilə göstərdiyi qayğının nəticəsində əldə edildiyini xüsusi ilə vurğulayıb: "Bu bir faktır ki, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğının əsası, eləcə də təhsil siyasətinin uğurlu təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin siyasət Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməkdədir. Ölkə başçımızın bu istiqamətdə imzaladığı Fərman və Sərəncamları, həmin qərarlardan doğan uğurlu nəticələr də məhz bu cür deməyə kifayət qədər zəmin yaradır.

O cümlədən, Mehriban xanım Əliyevanın fəaliyyətinin də bir hissəsi təhsilin inkişafı ilə bağlıdır. Onun Heydər Əliyev Fondunun vasitəsi ilə Azərbaycanda reallaşdırdığı nəhəng layihələri deyilənlərə sübutdur. Mehriban xanım Fond vasitəsilə təhsilin inkişafına birinci dərəcəli strateji xətt kimi əhəmiyyət verir. Yarandığı vaxtdan Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt Bakıda və bölgələrimizdə çoxlu sayda körpələr evinin, uşaq bağçasının, xüsusi təyinatlı uşaq müəssisələrinin yüksək səviyyədə təmir olunması, yenidən tikilməsi də Mehriban xanım Əliyevanın xeyirxahlıq missiyasının bariz təcəssümüdür".

“Ümumiyyətlə, Azərbaycan təhsilinin tərəqqisi xüsusi yer tutur və bu tərəqqinin davamlı olması bizlərin hər birini sevindirir, qürurlandırır, fərəhləndirir”-deyə qeyd edəb N.Əliyeva onu da vurğulayıb ki, Bakı Slavyan Universiteti ali təhsil müəssisədəri içərisində öz unikallığı ilə seçilən təhsil müəssisəsidir: “Müstəqil ölkə olan Azərbaycanın Şərqi-Avropa, slavyan-yunan dünyası ilə istər mədəni, istər iqsadi və dostluq əlaqələrinin təmin olunması, münasibətlərin qorunub saxlanılması və bu kimi mədəni-tarixi arealın dəyərlərinin Azərbaycana gətirilməsi və Azərbaycan həqiqətlərinin də bu ölkələrdə tanıdılması sahəsində işlər görür”.

Azərbaycanın eyni zamanda tolerant ölkə olduğunu da bildirən N.Əliyeva xüsusilə, Azərbaycanda etnik, milli rəngarəngliyin qorunub saxlanılmasında rus dilinin böyük əhəmiyyətinin olduğunu xatırladıb: “Məhz bu baxımdan, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı qonşuluq münasibətlərinin dərin kökləri var. Bu gün ölkə başçısı İlham Əliyevin də Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini önə çəkib, rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şərait yaradıldığını vurğulayan rektor onu da bildirdi ki, rus dili və ədəbiyyatının ölkəmizdə tədrisinin gənc nəsil üçün əhəmiyyətli olmaqla yanaşı. regionda rusistikanın məkanı sayılan Bakı Slavyan Universitetində bu sahədə işlər görülür, rusistika sahəsində uğurlu layihələr həyata keçirilir, elmi tədqiqatlar, müxtəlif təhsil səviyyələrində mütəxəssis hazırlığı aparılır. Eyni zamanda, BSU Rusiyanın 25 qabaqcıl universitetləri ilə intensiv əlaqələri var. Bütün bunlarla yanaşı, rus dilinin orta və ali məktəblərdə səmərəli tədrisi üçün yeni nəsil dərs vəsaitlərinin hazırlanmasının günümüzün aktual problemlərindəndir.

Bu baxımdan da savadlı pedaqoji kadrların hazırlanmasında BSU-nun böyük rolu var. Onu vurğulamaq lazımdır ki, BSU təkcə Azərbaycan üçün deyil, region ölkələr üçün də - Gürcüstan, Türkiyə, İran Türkmənistan, Pakistan, hətta Çindən özündən hər il bizə dövlət sifarişi ilə həm bakalavr, həm də magistratura səviyyəsi ilə tələbələrimiz qəbul olunur. Sözsüz ki, növbəti yeni tədris ilində də bu əlaqələrimizin genişlənməsinə çalışacağıq”.

N.Əliyeva qarşıda dayanan planlar barədə də fikirlərini bildirərkən deyib: “İlk növbədə məqsədimiz odur ki, Balkanlarda olan Slavyan ölkələri ilə əlaqələrimizin genişlərməsinə nail olmaq və Bakı Slavayan Universitetinin mərkəzinin açılmasına nail olmaqdır”.

BSU-nun nümayandə heyətinin Bolqarıstana səfər etdiyini xatırladan rektor bildirib ki, səfər zamanı bu ölkənin Sofiya Dövlət Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin mədəniyyət və tədris mərkəzi ziyarət edilib: "Biz səfər çərçivəsində Veliko Trnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş "Trapezitsa" Memarlıq Muzey-Qoruğunda olduq. Bu məkan Bolqarıstanın qədim tarixinin güzgüsünə çevrilib. Bu muzey ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yaradılıb. Bu addım dünya mədəniyyətinə göstərilən xidmətdir. Bu yüksək mənəvi addımı bizim ölkəmizin birinci xanımı nümayiş etdirib. Bu gün universitetimizin Rumıniyanın, Ukraynanın bəzi ali məktəbləri ilə müqavilələrimiz var ki, həmin müqavilələr əsasındakı məqsədlərimiz həmin universitetlərdə Azərbaycan dili və mədəniyyəti adlı tədris mərkəzlərinin açılmasına nail olmaqdır. Təbii ki, həmin ölkələrin də tədris mədəniyyət mərkəzlərinin Bakı Slavyan Universitetində açmağı planlaşdırmışıq. Məsələn, bu günlərdə BSU-nin böyük nümayəndə heyəti Fransanın Sarqona universiteti ilə geniş, şaxəli əməkdaşlıq quracağıq. Məqsəd, Azərbaycan dilinin, mədəniyyətinin Sarqona Universitetində, fransız dilinin, mədəniyyətinin universitetimizin vasitəsi ilə tanıdılmasına nail olmaqdır. Eyni zamanda biz, Ukrayna ilə birgə mədəniyyət tədris mərkəzinin açılması istiqamətində müqavilə bağlayacağıq. Ümumiyyətlə, beynəlxalq əlaqələrimizi bundan sonra da genişləndirmək əsas hədəflərimizdən biridir”.

N.Əliyeva sonda bir daha yeni tədris ilə bağlı Azərbaycanın bütün tələbə və şagirdlərini, o cümlədən, elm və təhsil adamlarını təbrik edib, onlara təhsillərində və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə