ADNSU əməkdaşlığını genişləndirir

Avqustun 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Avrasiya İqtisadi Münasibətlər Dərnəyinin (EkoAvrasya) rəhbəri Hikmet Erenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Universitetdən SİA-ya verilən xəbərə görə, görüşdə millət vəkili Elman Nəsirov, ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov və dərnəyin idarə heyətinin üzvləri iştirak edib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqlara universitetin tarixi və Azİİ-də təhsil almış tanınmış məzunlar haqqında məlumat verib.

Universitetdəki tədris prosesi, beynəlxalq əlaqələr, əcnəbi tələbələr, ADNSU-nun nəzdində fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti (UFAZ) haqqında danışan rektor, prof. Mustafa Babanlı həmçinin, qonaqları “eazi START” startap və innovasiya mərkəzinin yeni startap layihələri və gələcək planları haqqında məlumatlandırıb.

ADNSU-nun magistratura pilləsində təhsil alan tələbələrin 92%-nin işlədiyini deyən rektor M.Babanlı bakalavrların da işlə təmin olunması üçün universitetdə gündəlik təcrübə proqramının həyata keçirildiyini qeyd edib.

ADNSU-nun gələcəkdə sənaye müəssisəsi kimi də fəaliyyət göstərməsi üçün müəyyən işlər aparıldığını bildirən rektor, professor Mustafa Babanlı yaxın gələcəkdə universitetdə bir neçə adda məhsul istehsal ediləcəyini söyləyib.

Səmimi qəbula görə rektora minnətdarlığını bildirən Hikmet Eren rəhbərlik etdiyi qurum haqqında məlumat verib. EkoAvrasyanın əsas məqsədinin sənaye və iqtisadiyyatın inkişafına dəstək vermək olduğunu deyən Hikmet Eren 40-dan çox ölkədə müxtəlif qurumlarla əməkdaşlıq edildiyini və ADNSU ilə də əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Millət vəkili Elman Nəsirov bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyini və Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyini qeyd edib.

Sonda tərəflər arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə