Peşə məktəblərində təhsil almaq üçün 8160 nəfər qeydiyyatdan keçib

2017-2018-ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, ilk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu "ASAN Xidmət” mərkəzlərinin və müvafiq təhsil müəssisələrinin sənəd qəbulu komissiyalarında ödənişsiz formada həyata keçirilir. Avqustun 1-dən bugünədək 8160 nəfər qeydiyyatdan keçib.

Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Bakı və Gəncə şəhərlərində yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN Xidmət" tərəfindən aparılır. Sumqayıt, Abşeron, Bərdə, Masallı, Sabirabad, Qəbələ şəhər və rayonları üzrə dövlət hesabına şagird qəbulu yalnız "ASAN Xidmət” mərkəzlərində aparılır. Ödənişli əsaslarla şagird qəbulu həmin təhsil müəssisələri tərəfindən həyata keçirilir.

“ASAN Xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN Xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər.

Sənəd qəbulu avqustun 22-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə