“ASAN peşə” layihəsi çərçivəsində qəbul başlayır

Azərbaycanda peşə məktəblərinə “ASAN peşə” layihəsi çərçivəsində qəbul başlayır. SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə açıqlamasında bildirib ki,avqustun 1-dən 22-dək 2017-2018- ci tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu aparılacaq. Onun sözlərinə görə, ötən tədris ilindən başlayaraq Təhsil Nazirliyi ilə “ASAN xidmət”lə birgə həyata keçirilən “ASAN peşə” layihəsinin əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir: “İlk peşə-ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-22 avqust tarixlərində “ASAN xidmət” mərkəzlərində və müvafiq təhsil müəssisələrində sənəd qəbulu komissiyalarında aparılacaq. Ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur. Bakı, Gəncə və Sumqayıt şəhərləri, Bərdə, Masallı, Sabirabad və Qəbələ rayonları üzrə qəbul “ASAN xidmət” mərkəzləri ilə yanaşı ilk peşə təhsil müəssisələri tərəfindən də aparılacaq. “ASAN xidmət” fəaliyyət göstərməyən şəhər və rayonlarda yerləşən dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil müəssisələrinə müraciət edə bilərlər”.

Nazirlik rəsmisi qeyd edib ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sənəd vermiş şəxslər 10 ixtisas seçmək hüququna malikdir. Onun sözlərinə görə, şagird qəbulu şəhadətnamə və attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir: “Sənəd qəbulu komissiyalarında müraciət edənlərin sərbəst seçimi əsasında ilk peşə-

ixtisas təhsili müəssisələri və onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla

təsdiqlənir. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil müddəti 6 aylıq, 1 illik, 2 illik və 3 illik təhsil proqramları əsasında təşkil olunur. Təhsil müddəti 3 illik olan proqramlar üzrə seçimdə yalnız son 2 ildə ümumi orta təhsil səviyyəsini bitirən və tam orta təhsil almaq istəyən şəxslər iştirak edə bilər. Ümumi orta təhsil səviyyəsini bitirənlər, eyni zamanda təhsil müddəti 1 (nəqliyyat vasitələrinin idarə olunması ilə bağlı ixtisaslar istisna olmaqla) və ya 2 illik proqramlar üzrə də seçimdə iştirak edə bilər”.

C.Valehov vurğulayıb ki, ötən ildən başlayaraq “ASAN peşə” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində pilot olaraq həyata keçirilən üzrə 4 mindən çox şəxs ilk peşə ixtisas müəssisələrinə qəbul olub. Onun sözlərinə görə, qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə