Kolleclərə qəbul üzrə qabiliyyət imtahanları başlayıb

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə elektron qeydiyyatdan keçən abituriyentlərin qabiliyyət imtahanları başlayıb. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, buraxılış (qəbul) imtahanında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən və elektron qeydiyyatdan keçən abituriyentlər iyulun 19-dan 23-dək qabiliyyət imtahanında iştirak edirlər. Abituriyentlər “qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilib.

Qabiliyyət imtahanları DİM-in təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

YQYK-lar Bakı, Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Bərdə, Göyçay, Şirvan şəhərlərində fəaliyyət göstərir.

Qabiliyyət imtahanlarının nəticəsi “məqbul” və ya “qeyri məqbul”la (5 ballıq şkala üzrə) qiymətləndirilir. 3 və daha yüksək bal (bədən tərbiyəsi və idman ixtisası üzrə 4 bal) “məqbul” qiymət hesab edilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul qiymət alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı digər ixtisasları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqənin keçirilmə şərtləri haqqında “Abituriyent” jurnalının 3-cü sayında ətraflı məlumat verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə