Azərbaycanlı şagird Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb

Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bununla da Ramil Babazadə 11 il bundan əvvəl qazanılan uğuru təkrar edib.

Ramil Babazadə eyni zamanda bu il keçirilən Respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Hüseyn Babayev və Sergey Styopin bürünc medala layiq görülüblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə