"İqtisadi inkişafımızın təməlində Ulu Öndərin tərtib etdiyi strategiya dayanır"

"Ulu Öndər Heydər Əliyev bütövlükdə həm hakimiyyətinin birinci dönəmində Azərbaycana rəhbərlik edərkən, həm də ikinci dəfə siyasi hakimiyyətdə təmsil olunduğu dövrdə İqtisadiyyata çox böyük önəm vermiş və demək olar ki, fəaliyyətinin dövlət idarəetmə prinsiplərində ən önəmli sahəsi iqtisadiyyat olub". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov deyib.

Deputat bildirib ki, 60-cı illərdə Azərbaycan aqrar bir ölkə idi və Heydər Əliyev ölkə iqtisadiyyatında apardığı islahatlar nəticəsində ölkəni sənaye ölkəsinə çevirdi: "Ölkə inkişaf etmiş respublikalar sırasına yüksəldi. O dövrdə Azərbaycan ard-arda sosializm yarışının qalibi olurdu ki, bu da ölkəyə vəsaitin daxil olması demək idi. Sonrakı dövrlər isə bizim yaxın tariximizdir. 90-cı illərin əvvəllərində, yəni AXC-Müsavat hakimiyyəti dövründə ölkə iqtisadiyyatı tamamilə iflasa uğramışdı. Ulu Öndərimiz Heydər Əliyevin qətiyyəti, düzgün siyasi-iqtisadi addımları və apardığı islahatlar sayəsində ölkə iqtisadiyyatı az bir müddətdə dinamik inkişaf yoluna qədəm qoydu. Ölkənin strateji istiqamət yollar müəyyənləşdirildi və özəlləşmə həyata keçirildi, bazar iqtisadiyyatının prinsipləri əsasında möhkəm, dayanıqlı iqtisadiyyat formalaşdırıldı”.

A.Hüseynov vurğulayıb ki, digər tərəfdən isə ölkənin valyuta ehtiyyatlarının zəngiləşməsi istiqamətində atılan ən böyük və mühim addımlardan biri Xəzər dənizinin karbohidrogen ehtiyyatlarının dünya bazarına çıxarılması olub ki, 1994-cü ildə neft konsorsiyumu yaradılıb: “Bütün bunların davamı olaraq Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşası isə ölkə iqtisadiyyatında çox mühim rol oynayıb. Ümumilikdə götürsək bizim ölkə olaraq bütün nəaliyyətlərimizin əsasında Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində aparılan uğurlu iqtisadi islahatlar, iqtisadi strategiya dayanır. Məhz bu strategiya isə bu gün uğurla davam etdirilir. Ölkə iqtisadiyyatı axırıncı 15 il ərzində 3,2 dəfədən çox artıb, valyuta ehtiyyatlarımız 50 milyard dolları keçib. TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı Dəniz Ticarət Limanı və s. bu kimi bir çox layihələrin bütövlükdə hər birinin əsasında Heydər Əliyev ideyaları, Ulu Öndərin əsasını qoyduğu möhkəm strateji, iqtisadi əsaslar dayanıb".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə