"TANAP" Azərbaycan üçün nə vəd edir? ŞƏRH-ÖZƏL

“Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi 2-ci və sonuncu mərhələnin başa çatdığı demək idi”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

TANAP Cənub Qaz Dəhlizi layihəsinin ən mühüm və vacib hissəsini təşkil etdiyini deyən ekspert söyləyib ki, ümumiyyətlə, Cənub Qaz Dəhlizi üç layihədən ibarətdir: “Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP... Türkiyənin Ədirnə vilayətinin İpsala “Şahdəniz-2” olmasa idi, GQBK, TANAP ilə TAP olmayacaqdı. GQBK-nın təməlinin qoyulması TANAP üçün əsas yaratdısa, sonuncu da Trans-Adriatik Boru Kəmərini - TAP-ı qaçılmaz etdi”.

P. Heydərov söyləyib ki, Cənub Qaz Dəhlizi çox böyük strateji infrastruktur layihədir: “Onun birinci hissəsi keçən ilin, yəni 2018-ci ilin mayında açılmışdı. Bu hadisə Prezident İlham Əliyevin kəmərə ilk qazın vurulmasını bildirən açarı işə salması ilə baş vermişdi. Həmin ilin iyun ayının 12-də isə Türkiyənin Əskişəhər bölgəsində iki ölkə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsiylə bağlı rəsmi açılış olmuşdu”.

Ekspert qeyd edib ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP-ın istifadəyə verilməsi təkcə Azərbaycana xidmət etməyəcək: “Azərbaycan sürətlə dünyada əhəmiyyətinə görə ikinci enerji növü sayılan təbii qaz ixracatçısı kimi tanınması dövrünə qədəm qoyur. Qərb ölkələrinin də layihəyə dəstək vermələri məhz bununla əlaqədardır”

“Cənub Qaz Dəhlizi layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini iki dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq. Cənub Qaz Dəhlizi sayca hələlik yeddi ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Və daha üç Balkan ölkəsi - Monteneqro, Bosniya və Herseqovina, Xorvatiyanın da bu sıraya qoşulacaqları qaçılmaz hesab edilir. Yəni Azərbaycan qazı gələcəkdə daha çox sayda ölkələrə ixrac olunacaq”, - deyə ekspert vurğulayıb.

Azərbaycanıən layihədən əldə edəcəyi gəlirlərə gəlincə, P. Heydərov qeyd edib ki, bunun 100 milyard ABŞ dollarından çox olacağı gözlənilir ki, söhbət “Şahdəniz” yatağının hər iki mərhələsindən gedir: “O baxımdan ki, orta və uzaq perespektivdə Azərbaycan özü də Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcək. İlk gündən əsas hədəflərdən biri də məhz bundan ibarətdir. Azərbaycan qazı tezliklə Avropaya axmağa başlayacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə