Açıqlandı: 392 min nəfərdən çox adam sosial müavinət alır

Ölkədə pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə Prezident İlham Əliyevin 2019-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım sürətinə uyğun olaraq bu il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliklərə əsasən əmək pensiyasının minimum məbləği 2019-cu il martın 1-dən 160 manat, oktyabrın 1-dən isə 200 manat müəyyən edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il oktyabrın 1-dən 392,7 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 76,2 min nəfər, əlilliyə görə 177,5 min nəfər, ailə başçısını itirməyə görə 44,9 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,3 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 1,5 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlər üçün müavinət verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə