2020-ci ilin dövlət büdcəsi sosial sahə üçün nə vəd edir? EKSPERT RƏYİ-ÖZƏL

“2020-ci ilin dövlət büdcəsini də sosialyönümlü hesab etmək olar. Ona görə ki, bizdə həmişə dövlət büdcəsinin xərclərinin böyük bir hissəsi əmək haqqı, pensiya və digər sosial ödənişlərin maliyyələşdirilməsinə sərf olunur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib

O bildirib ki, gələn ildən sosialyönümlü xərclərin xüsusi payı daha yüksək olacaq: “Bunun da əsas səbəbi bu il ərzində minimum əmək haqqı və pensiya məbləğində 2 dəfə artımın aparılmasıdır. Nəticədə minimum əmək haqqı 130 manatdan 250 manata, minimum pensiya isə 116 manatdan 200 manata yüksəldi. Bu, büdcə təşkilatlarında çalışan 600 min nəfərə qədər insanın əmək haqqının artmasına səbəb oldu. Bundan əlavə, prezidentin sərəncamları ilə əksər digər dövlət qurumlarında çalışanların da əmək haqqı artırıldı. Bütövlükdə bu il atılan sosial xarakterli addımlar 4 milyon nəfərdən çox insanı əhatə edir, maliyyə tutumu isə 2 milyard manatdan yuxarıdır. Bu artımların hamısı növbəti ilin büdcəsində sosial xərclərin daha böyük həcmdə artmasına şərait yaradır”.

P. Heydərov qeyd edib ki, gələn ilin dövlət büdcəsinin daha çox sosialyönümlü olmasına təsir edən ikinci amil 2020-ci ildə də əmək haqqı və pensiya məbləğlərində gözlənilən artımlardır: “Pensiyalarda artım kifayət qədər yüksək olacaq. Bildiyiniz kimi, hər il pensiyalar əvvəlki ildə orta aylıq nominal əmək haqqının artımına uyğun indeksasiya olunur. Minimum əmək haqqı məbləğindəki builki artımlar nəticəsində ölkə üzrə orta aylıq əmək haqqında ciddi artım baş verib. Bu isə yanvardan pensiyaların həmin həcmdə indeksasiya olunacağı deməkdir. Beləliklə, qeyd etdiyim iki səbəbdən 2020-ci ilin dövlət büdcəsi daha çox sosialyönümlü olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə