Cari ildə bank sektorunda qazandıqlarımız EKSPERT RƏYİ_ÖZƏL

“Cari ilin Bank sektoru ilə bağlı statistik göstəriciləri qənaətbəxşdir. 30 sentyabr 2019-cu il tarixinə ölkədə fəaliyyət göstərən bankların cəmi aktivləri 31,363.3 milyon manat, öhdəlikləri isə 26,674.8 milyon manat təşkil edib ki, sektorun balans kapitalı 4,688.5 milyon manat olub”. Bu barədə SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, bu ilin sentyabr ayına sektorun aktivlərinin 44.2 faizini kredit portfeli təşkil edib ki, cari ilin ilk doqquz ayı ərzində sözügedən portfel 9.8 faiz (1.2 milyard manat) artıb: “Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 13,872.1 milyon manat təşkil edib. Portfelin 61.6 faizini biznes, 38.4 faizi isə istehlak kreditlərindən ibarət olub. Aktivlərin 46.4 faizini xarici valyutada olan aktivlər təşkil etməklə, kredit portfelinin 34.8 faizi xarici valyutada hesab olunur”.

Ekspertin sözlərinə görə, bu rəqəmlər adi oxucu üçün aydın olsun deyə izah edim ki, cari ilin, məsələn, bank sektorunun aktivləri göstəricisi ötən ilin oktyabr ayının 1-inə görə 7,4 faiz çoxdur: “Ümumiyyətlə, son bir ildə sektorun kredit portfeli 20,8 faiz genişlənib ki, kreditlərin aktivlərdəki payı isə 35,1 faizdən 39,5 faizə yüksəlib. Bank aktivlərinin 12 milyon 383 min 9 yüz manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Həmçinin, 2019-cu ilin ilk doqquz ayı ərzində bank sektoru 642.9 milyon manat əməliyyat mənfəəti generasiya edib ki, sektorun xalis mənfəəti isə bu zaman 522.7 milyon manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 10.6 faiz, kreditlər üzrə faiz gəlirləri isə 14.4 faiz artıb”.

P. Heydərov qeyd edib ki, 2015-2016-cı illərdə Azərbaycan iqtisadiyyatında neftin dünya bazarındakı qiyməti ilə əlaqədar çətin dövr özünü ən pis şəkildə məhz bank sektorunda göstərdi: “Manatın 2015-ci il ərzində iki dəfə devalvasiyaya uğraması ən kəskin şəkildə bu sektoru vurdu. 2019-cu ildə Bank sektorunun ən böyük dərdi problemli kreditlər məsələsinə dövlət müdaxilə etdi.Prezidentin bir növ xalqa hədiyyə etməsi yolu ilə bu məsələ həllini tapdı”.

Ekspert xatırladıb ki, problemli kreditlər bir ara bütövlükdə az qala 2 milyard manata çatırdı: “Cari ildə bu məsələ həllini tapmaqla banklar “koma” vəziyyətindən çıxdı. Keçən ayın 15-də dövlət başçısı İlham Əliyev də yanında keçirdiyi iqtisadi müşavirədə bank sektorunun iqtisadiyyatın artımına, real sektorun inkişafına kömək göstərmədiyini və son illərdə yenə istehlak kreditlərinin həcminin artmaqda olduğunu qeyd etdi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə