Tələbatı tam ödəmək və qiyməti tənzimləmək məqsədi ilə Taxıl Ehtiyatı Fondu yaradılıb

Ölkədə taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarlara Azərbaycan Sahibkarlığın İnkişafı Fondu tərəfindən 70 mln. ABŞ dollarından çox güzəştli kredit verilib. SİA xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Beynəlxalq Taxıl Ticarəti Forumunda çıxışı zamanı deyib. Nazir müavininin sözlərinə görə, həmçinin ölkədə aqroparkların, fermerlər təsərrüfatlarının və taxıl anbarlarının yaradılması da icra olunan layihələrə daxildir.

"Son zamanlar tutumu yarım milyon tona bərabər 30 belə anbarların yaradılmasına kredit ayrılıb", deyə nazir müavini qeyd edib.

R.Məmmədov əlavə edib ki, dövlət dəstəyi nəticəsində ötən il ölkədə taxıl istehsalı 2017-ci illə müqayisədə 13% artaraq 3,3 mln. tona bərabər olub.

"Bununla yanaşı, buğda istehsalı 2,2 mln. tona çatdırılıb. Azərbaycanda taxıl məhsulunun tələbatını tam ödəmək, həmçinin qiymətini tənzimləmək məqsədi ilə ölkədə Taxıl Ehtiyatı Fondu yaradılıb", - deyə R.Məmmədov əlavə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...