Bakı Metropoliteni daha 60 yeni nəsil vaqonları alacaq

Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti (SC) “Bakı Metropoliteni” QSC üçün daha 60 yeni nəsil vaqonları istehsal edəcək. SİA xəbər verir ki, bu barədə müqaviləni şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov imzalayıblar.

"Metrovaqonmaş" SC-nin direktoru B.Boqatıryov jurnalistlərə müsahibəsində bildirib ki, müqaviləyə əsasən, 3 il ərzində Azərbaycana 4-cü nəslə aid 65-ci model vaqonlar göndəriləcək: “Vaqonların bazası bu ilin iyununda Bakıya yola salınmış vaqonlara uyğun olacaq. İstehsal müddəti ərzində, yəni 3 ildə bu vaqonların daha da modernləşdirilməsi üçün işlər görüləcək”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, bir neçə ay əvvəl də Bakıya 20 vaqon göndərilmişdi. Rahat və müasir vaqonlar müasir texnologiyalarla təmin olunub. Bakı sakinləri və şəhərin qonaqları bu vaqonlardan məmnuniyyətlə istifadə edirlər.

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov “Metrovaqonmaş” SC ilə əməkdaşlığı ümummilli lider Heydər Əliyevin bünövrəsinini qoyduğu siyasətin davamı kimi qiymətləndirərək vurğulayıb ki, ildə 800-dən çox vaqon istehsal edən “Metrovaqonmaş” SC üçün 60 vaqon çox deyil: “Bu müqavilə həm Rusiya tərəfi, həm də Azərbaycan tərəfi üçün faydalıdır. Belə ki, zavod öz məhsul istehsalını planlaşdırır, biz isə 3 il müddətinə sabit qiymət ödəyəcəyik”.

Bakı Metropoliteni və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətini uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Müəssisə 1967-ci ildən Bakı Metropolitenini qatarla təmin edir. Bakı metrosunda hazırda 286 vaqon fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...